Bakıda DƏHŞƏT: 27 yaşlı oğlan ögey anasını qətlə yetirdi - YENİLƏNİB

Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinir.

Bu barədə Stopnarkotik.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 28-i saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində 1978-ci il təvəllüdlü İlhamə Məmmədovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1997-ci il təvəllüdlü Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Qasım Məmmədov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***09:41

Bakıda qətl törədilib.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 20 radələrində 1997-ci il təvəllüdlü Qasım Abbas oğlu Məmmədovun yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsindəki evdə anası 1978-ci il təvəllüdlü İlhaməni bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib.

Qadın hadisə yerində ölüb.

Q.Məmmədov polis əməkdaşları tərəfindən tutulub.

Bildirilib ki, gənc oğlan əvvəllər xuliqanlıq və narkotiklə bağlı cinayətlərə görə məhkum edilib.