Bakıda çinli həmyerlisini niyə öldürüb? - TƏFƏRRÜAT

Bakıda qısqanclıq zəminində öz həmyerlisini öldürən 1983-cü il təvəllüdlü Çin vətəndaşı Yuan Tianqanqa hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi 48 yaşlı Pan Yuan Lianqı qətlə yetirən Yuan Tianqanqı Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib və ona 9 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə Azərbaycanın hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası təyin olunub.

Məhkəmədə təqsirləndirilən Yuan Tianqanq baş verən hadisəyə görə özünü günahkar bilməyib:

“İxtisasca mühəndisəm. İkinci həyat yoldaşım Gu Yonqqionq ilə 13 mart 2023-cü il tarixində Bakıya işləməyə gəlmişik. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika küçəsi 3-də yerləşən zavodun yataqxanasında yaşamışıq. Mən zavodda elektrik mühəndisi, həyat yoldaşım isə aşbaz işləyirdi. Yataqxanada bizdən başqa digər Çin vətəndaşları - Jianq Xianfun, Jianq Yindonq, Yuanlianq Pan, Veiqanq Liu və başqaları ayrı-ayrı otaqlarda qalırdılar”.

Təqsirləndirilən şəxs bildirib ki, onları Bakıya işləməyə Pan Yuan Lianq gətirib. O, Pan Yuan Lianqın tez-tez sərxoş vəziyyətdə olduğunu bildirib. Yuan Tianqanq qeyd edib ki, yataqxanada bir ayaqyolu olub. 2023-cü ilin 14 iyulunda gecə saat 00:20-də arvadı tualetə getmək üçün otaqdan çıxıb, o isə telefonu otağı işıqlandırmaq üçün arvadına verib:

“Bir müddət sonra dəhlizin sonundakı tualetdən həyat yoldaşımın səsinin gəldiyini eşitdim. Buna görə də koridora çıxdım və bu zaman iş yoldaşım Panın alt paltarında, sərxoş vəziyyətdə arvadımı məcburi şəkildə qucaqlamaq istədiyini gördüm, ondan qadını buraxmasını istədim. Pan isə arvadımı buraxmadı, bu zaman onunla aramızda sözlü mübahisə baş verdi. Pan ilk olaraq məni yumruqla, daha sonra yerdən götürdüyü dəmir boru parçası ilə vurdu. Mən də bunun qarşılığında süpürgə götürərək, Pana zərbə endirdim. Daha sonra həmin dəmir borunu onun əlindən alaraq başına vurdum. Bu zaman Pan yerə yıxıldı və huşsuz vəziyyətdə qaldı. Hadisədən 4 gün sonra Pan Yuan Lianq xəstəxanada öldü və buna görə dərin sarsıntı keçirdim”./“qaynarinfo”