Bakıda 9 yaşlı uşaq 7 yaşlı qohumunu güllələdi

Bakıda 9 yaşlı uşaq atasına məxsus silahla ehtiyatsızlıqdan 7 yaşlı uşağı güllələyib.

Hadisə bir neçə ay əvvəl Binəqədi rayon 7-ci Mədən küçəsində baş verib. 9 yaşlı Fərid.S atası Elçinə məxsus olan ov silahı ilə ehtiyatsız davranma səbəbindən qohumu, 7 yaşlı Ömərə atəş açıb. Nəticədə azyaşlı müxtəlif dərəcəli xəsarətlər alıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. İxtisaslaşmış tibbi müdaxilələrdən sonra uşağın həyatını xilas etmək mümkün olub.

Hadisədən sonra silahın sahibi Elşin.S barəsində Cinayət Məcəlləsinin 230-cu (Odlu silahı diqqətsiz saxlama) maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, o, 12 kalibrli, “Churchil” modell ov silahını rəsmi sənədlə alsa da, evində nəzarətsiz saxlayıb və bu səbəbdən uşağın əlinə keçib.

Binəqədi Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli hökmü ilə Elçin.S-ə 2 il islah işləri cəzası verilib.

Qeyd edək ki, güllələnən uşağın ailəsi qohumları olan Elçindən şikayətçi olmayıb./publika.az