Bakıda 3 nəfəri bıçaqlayan şəxslə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elşən Rüstəmovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə 02 dekabr 2022-ci il tarixdə, saat 19:20 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşayış binalarının qarşısında qeydə alınıb. 

Belə ki, Elşən Rüstəmov tanışı, zərərçəkmiş Habil Məlikovla (ad, soyadı şərtidir) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin təqsirləndirilən şəxsə məxsus “simkart”ı gec qaytarması olub. O, bunu bəhanə edərək əvvəlcə əli ilə Habilin sifət nahiyəsindən qəsdən vuraraq yerə yıxıb, sonra mətbəx bıçağı ilə onun döş qəfəsinə zərbə endirib. Bunu görən Namiq Fərəcovla Qalib Hacızadə (hər ikisinin ad, soyadı şərtidir) Elşəni tutub ayırmaq istəyib. Lakin o, bıçaqla onlara da xəsarət yetirib. Hadisədən sonra Elşən Rüstəmov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi.