BAKI PAYTAXT STATUSUNU İTİRƏCƏK? – “Milyardlarla pulu daşa, betona yönləndirməyin məntiqli izahı yoxdur”

On ildən çoxdur ki, ölkə gündəminin əsas müzakirə mövzularından olan, hər dəfə yeni dərs ili başlayarkən aktual və həlli vacib bir problem kimi ortaya atılan və sonrakı dönəmdə nədənsə unudulan - paytaxtın köçürülməsi ideyası bu günlərdə yenidən aktual bir məsələyə çevrilib.

Belə ki, yeni dərs ilinin başlaması son günlər dözülməz həddə çatan tıxacların yaranması, nəqliyyatın, şəhər həyatının iflic olması ilə nəticələnib. Təhsil və iş üçün on minlərlə gəncin rayonlardan paytaxta üz tutması isə Bakı əhalisinin sayını pik həddə çatdırıb və problemin miqyasını bir qədər də genişləndirib. Artıq bir neçə gündür ki, bəzi deputatlar, iqtisadçılar və ekspertlər paytaxtın başqa bir şəhərə köçürülməsini və ya paytaxt statusu veriləcək yeni bir şəhərin salınmasını təklif edirlər. Qeyd olunur ki, ən azından nazirliklər, hökumət təşkilatları, eləcə də paytaxtdakı bəzi universitetlər başqa bir şəhərə köçürülsə, Bakının əhali yükü bir qədər azala bilər.

Dövlət Statistika Komitəsinin 1 yanvar 2024-cü ilə dair rəsmi məlumatında qeyd olunur ki, hazırda Bakı əhalisinin sayı 2 milyon 344 min nəfərdən artıqdır. Bakının rayonlar üzrə əhali sayı aşağıdakı kimi göstərilib:

- Binəqədi rayonu - 307,9 min nəfər;

- Xətai rayonu - 276,1 min nəfər;

- Xəzər rayonu - 205,5 min nəfər;

- Qaradağ rayonu – 117 min nəfər;

- Nərimanov rayonu - 180,7 min nəfər;

- Nəsimi rayonu - 219,2 min nəfər;

- Nizami rayonu - 185,3 min nəfər;

- Pirallahı rayonu - 18,8 min nəfər;

- Sabunçu rayonu - 330,6 min nəfər;

- Səbail rayonu - 101,8 min nəfər;

- Suraxanı rayonu - 208,2 min nəfər;

- Yasamal rayonu - 193,8 min nəfər.

Bakı şəhər Statistika İdarəsinin əvvəlki hesabatına əsasən, 2023-cü ildə paytaxt əhalisinin sayı 2 milyon 336 min 60 nəfər olub. Son bir ildə paytaxtda əhalinin sayı 8 min nəfər artıb.

Qeyd edək ki, digər bir rəsmi statistikaya görə, 1959-cu ildə Bakı əhalisinin sayı 967 min nəfər olduğu halda, 11 il ərzində yəni, 1970-ci ildə bu say 1 milyin 265 min nəfərə yüksəlib. Paytaxtda əhalinin sayı 1970-2023-cü illər ərzində hər il ortalama 5-30 min nəfər aralığnda artıb. Ancaq təkcə son 10 ildə şəhər əhalisinin sayında 272 min nəfərlik artım qeydə alınıb.

Onu da qeyd edək ki, proqnozlara görə, 2040-cı ildə paytaxt əhalisinin sayının 3 milyon 170 min nəfərə çatacağı gözlənilir. Ancaq nəzərə almaq lazımdır ki, alternativ hesablamalarda Bakı şəhərinin artıq 4 milyona yaxın əhalisi olduğu bildirilir. Hazırda paytaxtda rayon qeydiyyatında olan 100 minlərlə insanın yaşadığını nəzərə alsaq, Bakıdakı əhali sayının rəsmi açıqlanan rəqəmdən xeyli yüksək olduğu şübhə doğurmaz.

Bu barədə iqtisadçı-ekspert Xalid Kərimli şərhində bildirib ki, paytaxtın köçürülməsi gerçəkləşməsi qeyri-mümkün olan bir məsələ deyil. Ekpert az da olsa belə bir ehtimalın olduğunu bildirib:“Ehtimal olsa da, belə bir şey mümkündür. Məsələn, Azərbaycanla qonşu ölkələrdən Qazaxıstan vaxtilə paytaxı Alma-Atadan Astanaya, Türkiyə İstanbuldan Ankaraya, Rusiya isə Sankt-Peterburqdan Moskvaya köçürüb”.

Ekspert paytaxtın köçürülməsi ilə bağlı ideyanı düzgün hesab etmədiyini deyib:“Düşünmürəm ki, paytaxt köçürülsə, bizim bütün problemlərimiz öz həllini tapacaq. Zatən uzun illər neftdən gələn pulun böyük hissəsini tikinti sektoruna yönləndirmişik. Şəhərdə lazım oldu - olmadı xeyli sayda binalar tikilib. Son 25-30 ilə baxsaq, dövlət inzibati binaların tikilməsinə milyardlarla manat pul xərcləyib. Hesab edirəm ki, neft gəlirlərinin aşağı düşdüyü bir dönəmdə bu cür ideyalara yol vermək olmaz. Açığı hazırda ölkənin bu layihəni həyata keçirmək üçün ciddi bir resursu da yoxdur. Məncə milyardlarla pulu daşa, betona yönləndirməyin məntiqli izahı yoxdur”.

X. Kərimli qeyd edib ki, şəhərsalma planına uyğun oalraq, şəhərin ətraf yerlərinin genişlənməsi, inkişafı istiqamətində çalışmaq lazımdır:“Bakının ətrafında kifayət qədər boş yerlər var. Belə yerlərdə infrastrukturun qurulması üçün tikinti layihələrini dəstəkləmək olar. Həmçinin bundan sonrakı proseslərə də nəzarət etmək lazımdır. Məsələn, şəhərin mərkəzində yeni hündürmərtəbəli binlaların tikintisinin qarşısını almaq olar. Digər tərəfdən, universitetlərin yerləşməsinə də nəzarət etmək lazımdır. Bu yaxınlarda Xankəndi şəhərində Qarabağ universiteti salındı. Bu, çox yaxşı addım idi.

Bu gün qeyr-rəsmi rəqəmlərə görə, Bakıda 3 milyon əhali yaşayır. Çində əhalisi 20-30 milyon olan azı 10-15 şəhər var. Yəni, paytaxtı köçürməklə hər şey həll olunmur. Biz şəhər təsərrüfatının inkişafına diqqəti artırmalıyıq”./azpolitika.info