“Fransa ilə Azərbaycan arasındakı gərginlik son bir neçə ildə davam etməkdədir. Bunun da nəticəsi 2 fransalı diplomatın Azərbaycandan çıxarılması oldu. Belə ki, onlar öz fəaliyyətlərinə uyğun olmayan işlərlə - casusluq fəaliyyəti ilə məşğul olurdular”.
Stopnarkotik.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Analitik 2 fransalı diplomatın “persona-non-grata” elan edilməsindən və rəsmi Paris tərəfindən atılan analoji addımdan sonra Azərbaycanın Fransadakı səfirinin geri çağırılması ehtimalından söz açıb.
Xatırladaq ki, Fransanın casus şəbəkəsinin Azərbaycanda ifşa olunmasından sonra Bakı ilə Paris arasında olan münasibətlər daha da kəskinləşib. Fransanın Qarabağ məsələsindəki ermənipərəst mövqeyi, habelə Qarabağ ermənilərinin könüllü surətdə bölgəni tərk etməsində Azərbaycanı ittiham etməsi iki ölkə arasında iplərin qopmasına səbəb olub.
Müsahibimiz diqqətə çatdırıb ki, Fransanın bu addımı gözlənilən idi:
“Adətən, diplomatik böhranlarda belə addımlar atılır. Düşünmürəm ki, hadisənin davamı Parisdəki səfirliyimizin geri çağırılması ilə nəticələnsin. Çünki müxtəlif zamanlarda dövlətlərarası münasibətlərdə belə hallar yaşanır. Sadəcə olaraq, Fransa tərəfindən Azərbaycana qarşı son 3 ildə aparılan düşmən siyasəti dayansa, Paris bölgədəki destruktiv fəaliyyətini davam etdirməkdən əl çəksə və Azərbaycan daxilində casusluq fəaliyyəti ilə məşğul olmasa, münasibətlər yenidən normallaşa bilər. Çünki Azərbaycan Fransa ilə münasibətlərin normal olmasında maraqlıdır”.
“Fransa tərəfindən münasibətlər pozuldu deyə Azərbaycan da adekvat addımlar atmağa məcbur olub. Amma səfirliklərin geri çağırılması və bağlanması dərəcəsində münasibətlər gərgin deyil. Sadəcə olaraq, məsləhətləşmələr üçün səfir ölkəyə çağırıla və geri dönə bilər. Hələlik böhran səfirlərin geri çağırılması səviyyəsində deyil”, - deyə siyasi təhlilçi fikirlərini yekunlaşdırıb.