Azərbaycanın AİB-ə üzv olmasına ehtiyac varmı? - Ekspertlərdən AÇIQLAMA

"Bizim Avrasiya İqtisadi Birliyinə üzv olmaq (AİB) planlarımız yoxdur, amma deyə bilmərik ki, bu, gələcəkdə müzakirə mövzusu ola bilməz. Hər şey yaxınlaşmaqdan hansı əlavə iqtisadi fayda əldə edəcəyimizdən asılı olacaq. Əgər onları görsək, qəbul edəcəyik. Əks halda, bizi indi mövcud olan əməkdaşlıq səviyyəsi də qane edir".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda deyib.

Xatırladaq ki, AİB 2014-cü ildə yaradılıb. Quruma, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

Milli Məclisdə İqtisadi siyasət daimi komitəsinin üzvü Vahid Əhmədov Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olacağını güman etmir: "Dünyada ciddi proseslər gedir, hələ Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyini gözləyək. Ukraynaya ciddi yardımlar olduğundan vəziyyət dəyişə bilər".

Millət vəkili hesab edir ki, Azərbaycan əsasən ikitərəfli əlaqələrə üstünlük verir.

"Prezidentin dedikləri ilə tamamilə razıyam. Gələcəkdə bu məsələyə baxmaq olar, ancaq indi ehtiyac yoxdur "–deyə, o, əlavə edib.

İqtisadçı Natiq Cəfərli isə “azadliq.org”a açıqlamasında deyib ki, Azərbaycanın ixracatının cəmi 5,7 faizi MDB ölkələrinədir: "İdxalda bu pay 27 faizə yaxındır. Amma təkcə Çinin payı 20, Türkiyənin isə 17-18 faizdir. Rəqəmsal baxdıqda Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmasına ciddi səbəb yoxdur. Yeganə üstünlük gömrük və vergi dərəcələri ilə bağlı ümumi qərarların verilməsidir. Bununla da Azərbaycanın Rusiya daxil MDB ölkələri ilə ikitərəfli sazişləri var. O cümlədən, Ukrayna və Gürcüstanla da belə saziş imzalanıb. Belə olduqda Azərbaycanın birliyə üzvlüyü heç bir üstünlük gətirmir, əksinə, problemlər yaradır"./azpolitika