Azərbaycanda təkrar cinayətkarlıq halları niyə sürətlə artır? – TANINMIŞ VƏKİL SƏBƏBLƏRİ AÇIQLAYIR...

Əlibaba Rzayev: “Təyin edilən cəza törədilən cinayətə uyğun olmadıqda şəxsin islah olunması çox çətindir”

Azərbaycanda narkotik satışı ilə əlaqədar məhbus həyatı yaşayan şəxslərin təkrar cinayətkarlıq halları artıb. Bu şəxslər ilk dəfə narkotiklə bağlı həbs olunsalar da, daha sonra onların içində həm yenidən narkotik ticarəti ilə məşğul olanlar, həm də başqa tipli cinayətkarlığa görə məhbəsə düşənlər olur. Məsələn, Stopnarkotik.az saytının apardığı araşdırmaya görə, 2023-cü ilin noyabrında ölkəmizdə təkrar cinayət törədən şəxslərin sayı 34, dekbarda 30, bu ayın ilk 17 günü ərzində isə 43 nəfər olub. Qeyd edək ki, noyabrda məhz narkotiklə əlaqədar törədilən təkrar cinayətkarlıq hallarının sayı 12, dekabrda 9, bu ayın təxminən yarısınadək olan müddət ərzində isə 19 olub.

Bir daha qeyd edək ki, bu rəqəmlər sadəcə rəsmi mənbələrin açıqladığı informasiylar nəticəsində ortaya çıxıb. Əslində isə, ölkəmizdə təkrar cinayətkarlıq hallarının sayının açıqlanan rəqəmlərdən 2-3 dəfə çox olduğu şübhə doğurmur. Bütün bunlar isə onu deməyə əsas verir ki, bu sahədə vəziyyət olduqca acınacaqlıdır. Üstəlik, bu statistik məlumatlar həm də onu deməyə əsas verir ki, Azərbaycanda cəzaçəkmə müəssisələri cinayətkarları islah edə bilmir, əksinə, onları azadlığa çıxdıqdan sonra daha böyük cinayətlər törətməyə sövq edir.

Bəs, bu problemi necə həll etmək mümkündür? Bu və digər suallara hüquqşünas Əlibaba Rzayevlə müsahibəmizdə cavab tapmağa çalışdıq.

- Əlibaba müəllim, sizcə, Azərbaycanda təkrar cinayətkarlığın artmasına səbəb nədir?

- Narkotiklə bağlı çox sayda qanunsuz açılmış cinayət işləri olur. Son dövrlərdə kifayət qədər bəraət hökmləri çıxarılır. Bəraət hökmlərinin əskəriyyəti narkotiklərlə bağlıdır. Son dövrlərdə buna xüsusi önəm verilir. Bu da təqdirəlayiq haldır ki, narkotiklərlə bağlı ciddi şəkildə siyasi iradə də var. Çox ciddi şəkildə bunun üzərinə düşüblər ki, narkotiklə bağlı cinayət işi açılan insanların sayı həddən artıq çoxdur. Və təcrübə onu göstərir ki, əslində, bunların çoxu əsassız olaraq qaldırılmış cinayət işləridir. Bəraət hökmlərinin sayı da bunu deməyə əsas verir. Yəni əgər şəxs qanunsuz həbsxanaya düşürsə, onun islah olunması bu səviyyədə mümkündürmü? Şəxs bilir ki, narkotiklə heç bir bağlılığı yoxdur, amma qanunsuz olaraq ona cinayət işi açılıb və həbsxanada yatır. Bu insan necə islah oluna bilər? İnsan o zaman islah oluna bilər ki, həqiqətən də o cinayət hadisəsini edib. Bu zaman başa düşəcək ki, onun törətdiyi əmələ görə həmin cəza ədalətlidir, ona adekvatdır. Hətta təyin edilmiş cəza törədilmiş cinayətə uyğun olmadığı halda belə, şəxsin islah olunması çox çətindir. Çünki şəxs elə başa düşür ki, məsələn, o hansısa bir cinayət törədib, amma ona verilən cəza adekvat deyil. O halda da onun islah olunmasına müəyyən problemlər yaranır. Yəni mən səbəbi əsasən bunda görürəm.

Eyni zamanda, islah-əmək koloniyalarında qanunvericiliyə lazımi səviyyədə əməl olunmaması halları da buna əsas verir. Məhkumun ləyaqətinə də xələl gətirilməməlidir. Cinayət törədib, cəzasını alıb, bu aydın məsələdir. O da insandır, cəzasını ləyaqətinə toxunulmadan çəkməsinə şərait yaradılmalıdır. Şəxsin şərəfinə, ləyaqətinə toxunulmamalıdır. Bu şərtlər də pozulanda, təbii ki, cinayətkarın islah olunması mümkün deyil. Mən səbəbləri bu üç faktorla izah edə bilərəm.

- Belə anlaşılır ki, islah olunmaq yerinə, şəxs cəzaçəkmə müəssisəsində “sındırılır”...

- Bəli, şəxs daha da “sındırılır”, qanunsuz, qeyri-etik davranışlara məruz qalır. Yəni cəzaçəkmə müəssisəsinə normal adam kimi düşür, amma bu şəraitə düşdüyünə görə islah olunmaq əvəzinə, cəmiyyətə cinayətkar kimi qayıdır. Nəticə olaraq, bu məsələnin səbəbini 3 faktorda görürəm. Birincisi, qanunsuz hökmlərin çıxarılması. İkincisi, bəzi hallarda cəzanın törədilmiş cinayətə adekvat olmaması. Üçüncüsü, islah-əmək müəssisələrində insanın şərəf və ləyaqətinə uyğun davranışların olmaması, şəxsin islah-əmək koloniyasında islah olunmaması, əksinə, normal bir adam kimi həbsə girdikdən bir-iki il sonra oradan cinayətkar kimi çıxması. Biz bunu təcrübələrimizdə müşahidə edirik.

“Qanunsuz cinayət işləri açılır, təyin edilmiş cəzalar törədilmiş cinayətə adekvat olmur, bu zaman da həbsxanalarda təqsirkara qanunvericiliyin tələblərinə uyğun etik şəkildə davranılmır, onun şəxsiyyəti, ləyaqəti gözlənilmir. Ona görə də, normal insan islah olunmaq əvəzinə, potensial cinayətkara çevrilir”

- Deməli, hər hansı şəxsin barəsində çıxarılan hökm ədalətli olmayanda, o, cəzaçəkmə müəssisində islah olunmaq əvəzinə, potensial cinayətkar kimi daha da təkmilləşir...

- Cəzanın ədalətliliyi məsələsi var. Cəzanın məqsədi şəxsi islah etmək, onun tərəfindən təkrarən cinayətlərin törədilməsinin qarşısını almaqdır. Cəzanın bir ümumi xəbərdarlıq, bir də xüsusi xəbərdarlıq məqsədi var. Ümumi xəbərdarlıq məqsədi odur ki, digər şəxslər görsünlər ki, qanunları pozmaq olmaz, qanunları pozan şəxs cəzalanır, həbsxanaya salınır. Bu cəzanın ümumi xəbərdaredici məqsədidir. Xüsusi xəbərdaredici məqsədi isə odur ki, cinayət törədən şəxs həbs olunmalıdır, cəza təyin olunmalıdır. Əgər o qanunsuz həbs olunubsa, yaxud da cəzası törətdiyi əmələ uyğun deyilsə, bu zaman həmin cəza öz məqsədinə çatmır. Bax, mənim dediyim 3 faktor onu göstərir ki, cəzanın xüsusi xəbərdaredici funksiyası işləmir. Bu hal da qeyd etdiyim həmin faktorlarla bağlıdır. Qanunsuz cinayət işləri açılır, təyin edilmiş cəzalar törədilmiş cinayətə adekvat olmur, bu zaman da həbsxanalarda təqsirkara qanunvericiliyin tələblərinə uyğun etik şəkildə davranılmır. Onun şəxsiyyəti, ləyaqəti gözlənilmir. Ona görə də, normal insan islah olunmaq əvəzinə, potensial cinayətkara çevrilir.

- Bəs, cəzaçəkmə müəssisələrinin məhkumların həqiqətən islah yerinə çevrilməsi üçün nə kimi tədbirlər görülməlidir?

- Birinci qanunvericiliyə əməl olunmalıdır. Saxta ittihamlara son qoyulmalıdır. Xüsusilə narkotiklərlə bağlı. Nə qədər insanların cibinə narkotik vasitə atıb, qanunsuz həbs edirlər. Ən azından bəraət hökmlərinin həcmi onu göstərir. Birincisi buna son qoyulmalıdır.

İkincisi, hökmlər şəxsin törətdiyi əmələ adekvat olmalıdır. Yəni ümumiləşdirici hallar nəzərə alınmalıdır. Şəxsin həyat şəraiti, ailə vəziyyəti nəzərə alınmalıdır. Bir çox hallarda bu kimi amillər cəza tətbiqində nəzərə alınmır. Eyni zamanda, cəzaçəkmə müəssisələrində qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət olmalıdır. Həbsə atılmış şəxsin şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı tədbirlər görülməlidir. O da insandır, onun da şəxsiyyəti, ləyaqəti var. Bunlar gözlənilməlidir. Cinayət edib, cəzası verilib, cəzasını çəksin. Amma onu bütün hüquqlardan məhrum etmək, alçaltmaq olmaz.

Söhbətləşdi: Asya ŞÜKÜROVA

Stopnarkotik.az