Göygöl rayonunda 1988-ci il təvəllüdlü Telman qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sevdaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Stopnarkotik.az demokrat.az-a istinadən xəbər verir ki, Telman 25 iyun 2023-cü ildə, saat 23 radələrində ictimai yer hesab edilən Göygöl şəhəri, Heydər Əliyev prospektində qeyri rəsmi olaraq ər arvad münasibətində yaşadığı Sevdanı görüb. O, heç bir əsaslı səbəb olmadan Sevdaya günün gec saatlarında hansı səbəbdən yaşadığı mənzilə qayıtmamasını deyərək küçədə uca səslə nalayiq ifadələr işlədib.
Daha sonra xuliqanlıq hərəkətlərini davam etdirən Telman kəsici aləti silah qismində istifadə edib və həmin alətlə ətrafa toplaşan şəxslərin gözü qarşısında Sevdanın sifət nahiyəsinə bir neçə zərbə vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Telmanın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Telman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs Sevda ilə 2018-ci ildə ailə həyatı qurub, azyaşlı 1 oğlan övladı var: “Evli olsaq da, daimi bir yerdə yaşamamışıq. Sonuncu dəfə 2023-cü ilin mart ayının sonlarından Sevda ilə birlikdə Goranboy rayonu ərazisində fermada yaşasaq da, ferma sahibi ilə aramızda münaqişə yarandığı üçün aprel ayının əvvəllərindən Sevda azyaşlı övladım ilə oradan Göygöl rayonuna, bacılarının yanına getdi. Orada yaşamağa başladı. Həmin tarixdən bəri övladımı görmək üçün 3 dəfə həmin ünvana getmişəm, uşağımı görmüşəm. Lakin uzaqda olduqda telefonla bir-birimiz ilə əlaqə saxlamışıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 25-də, saat 23 radələrində Sevdaya zəng etdiyi zaman telefonuna cavab vermədiyi üçün onların yaşadığı ünvana gəlib: “Sevdanın evdə olmadığını gördüm. Yaxınlıqda olan parkda oturaraq onları gözlədim. Oturduğu skamyadan çıxan dəmir şurupu əlim ilə oynadaraq yerindən çıxardım və əlimdə saxladım. Gecikdiyi üçün Sevdanın kiminləsə görüşdüyünü düşünərək əsəbiləşdim. Təxminən saat 00.00-da Sevdanın yaşadığı küçədə bacısı Səbinə ilə gəldiklərini gördüm və yaxınlaşaraq haradan gəldiyini soruşdum. Sevda bunun mənə aidiyyatının olmadığını dedi. Bundan sonra aramızda mübahisə yarandı. Sevda və Səbinə də üzərimə gəldilər. Lakin Səbinə mənim itələməyim ilə yerə yıxıldı. Mən isə əlimdəki şurupla Sevdanın üzünə şram atmaq üçün cəhd etsəm də, Sevda əlimdən tutaraq mane olmaq istədi. Bir dəfə Sevdanın üzünə həmin dəmir şurupla iz saldıqdan sonra oradan uzaqlaşdım”.
İş üzrə zərərçəkmiş Sevdanın sözlərinə görə, hadisə günü, saat 23 radələrində bacısı Səbinə ilə birlikdə Göygöl rayonu Heydər Əliyev prospekti ilə yaşadıqları ünvana doğru hərəkət etdikləri zaman Telmanın zəng etməsini görüb və telefona cavab verməyib:
“Yaşadığımız ünvana çatdığımız zaman Telmanın evin yaxınlığında olan parkda dayandığını gördük. Gizlənsəm də, Telman məni görərək üzərimə doğru gəldi. Məndən haradan gəlməyimi soruşaraq hansısa avtomobildən düşdüyümü iddia etdi. Ondan qaçmaq istəsəm də, bacarmadım. Qucağımda olan azyaşlı övladımı yerə qoyduqdan sonra Telman məni tutaraq yerə yıxdı, belindən bıçaq çıxararaq qulağımı kəsmək istəsə də, Səbinə əlimdən tutaraq mane olmaq istədi. Lakin Telman yüksək səslə nalayiq ifadələr işlədərək əlindəki bıçaqla üzümə, boğazıma və qoluma xəsarət yetirdi. Hadisəni görən insanlardan polisə xəbər vermələrini istədim. Səbinə Telmanı yerə yıxdıqdan sonra mübahisəni görən digər bacım yaxınlaşaraq onun qolundan tutdu. Telman yıxıldıqdan sonra onun əlindən çıxaraq evə qaçdım. Telman isə oradan uzaqlaşdı. Telman mənim səhvimi gördüyü təqdirdə qulağımı kəsəcəyini əvvəlcədən demişdi. Hadisə günü bacımı ilə birlikdə rayon ərazisində gəzməkdən gəldiyim üçün Telman heç bir səbəb olmadan qulağımı kəsmək istəyib. Məni yerə yıxdıqdan sonra sol əli ilə boğazımdan tutaraq sağ əlindəki bıçaqla sol qulağımı kəsməyə çalışdıqda bıçaq sol sifət nahiyyəmə bataraq xəsarət yetirib. Həmçinin boğazımdan və qolumdan da xəsarət almışam”.
Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Telman 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.