Narkotiklərin ölkələrin demoqrafiyasına vurduğu zərər danılmazdır. Azərbaycan da bu baxımdan istisna deyil. Narkotikin cəmiyyətin demoqrafiyasına vurduğu zərər yalnız fərdin reproduktivliyini, faydalılıq əmsalını aşağı salmaqla yekunlaşmır, eyni zamanda özü ilə bərabər aşırı dozadan ölümləri, eləcə də psixi və davranış pozuntuları gətirir. Hərçənd ki, Azərbaycan cəmiyyətində insanlar ailə fərdlərinin narkotik istifadəçisi olmasını özlərinə ayıb sayaraq qınaqlara tuş gələcəklərini düşündükləri üçün bunu etiraf etməkdən çəkindikləri kimi, ailəsində, yaxud qohumlarının da içində aşırı narkotik dozasından ölənlərin olduğunu inkar, ya təkzib edirlər. Bu, başa düşülən olsa da fakt faktlığında qalır.
Statistikaya görə, 2023-cü ildə ilk dəfə alkoqolizm və alkoqol psixozu diaqnozu ilə qeydə alınmış xəstələr 600 nəfər olub. Bu göstərici əhalinin hər 100000 nəfərinə 5.90 adamddır. Eləcə də 2023-cü ildə narkoman diaqnozu qoyulmuş şəxslər 3796 nəfər olub. Bu göstərici isə əhalinin hər yüz min nəfərinə 37.40-dır. 2022-ci ildə ilk dəfə narkoman diaqnozu qoyulmuş şəxslər 3689 nəfər idi. Narkotikin qəbulu nəticəsində yaranan psixi və davranş pozuntuları 2022-ci ildə 3645 nəfərdə qeydə alınıb. 2023 və 2024-cü illər üçün bu göstərici naməlumdur.
Narkotklərin epizodik qəbulu isə 2023-cü ildə 1945 nəfərdə olub. Hərçənd nəzərə alsaq ki, narkomaniya elə ilk qəbulla başlayır, onda 1945 nəfərin də "narkomaniya dünyasına" gəldiyini təxmin etməliyik.
2023-cü ilin göstəricilərinə görə, müalicə-profilaktika müəssisələrində, yəni dispanserlərdə rəsmi qeydiyyatda olan alkoqolizm və alkoqol psixozundandan əziyyət çəkən xəstələrin sayı 9595 nəfərdir ki, burada da hər yüz min nəfər əhaliyə düşən rəqəm 94.20-dir. 2022-ci ildə bu rəqəm 9793 nəfər idi. Burada azalma müşahidə olunur.
2023-cü ilin müalicə-profilaktika müəssisələrində, yəni dispanserlərdə rəsmi qeydiyyatda olan narkomanların sayı 36659 nəfər olub. 2023-cü ildə olan narkotki epizodik qəbul edənlərin dispanserlərdə qeydiyyata alınmış sayı 5648 nəfər olub. Əlbəttə, nəzərə alsaq ki, davamlı qəbul elə birinci istifadədən sonra başlayır və epizodik narkotik qəbul edənlər daha sonra daimi istifadəçiyə çevrilirlər, onda 5648 rəqəmini 36659 rəqəminin üstünə əlavə etmək məntiqli olar.
2022-ci ildə isə dispanserlərdə rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 35097 nəfər olub. Hələ nəzərə alsaq ki, rəsmi rəqəmlər gerçək rəqəmlərin az qala onda biridir, yəni bu rəqəmləri 10-a vurmaq lazımdır, onda gerçək mənzərənin vahiməsi vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir.
Daha bir maraqlı rəqəm - 2022-ci ildə rəsmi dispanserlərdə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan narkotik istifadəsi nəticəsində psixi və davranış pozğunluğunun yarandığı şəxs sayı 6350 nəfər olub. Sonrakı illərdə isə bu göstərici yoxdur.
Digər rəqəmlərə də nəzər salmaq yerinə düşər. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 2023-cü il yanvar-noyabr dövrünə dair verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunub. Ötən 11 ay ərzində İİV-ə 792 nəfər yoluxmuşdur. Onlardan 761 nəfəri Azərbaycan vətəndaşları, 31 nəfəri isə əcnəbilər olmuşdur. Azərbaycan vətəndaşları arasında 761 nəfərin 64 nəfəri (8,4%-i) İnyekson Narkotik İstifadəçiləri olmuşdur.
2023-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən hesabat dövründə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 81668 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2321 nəfərdən 1340 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
2024-cü ildə isə Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 91086 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 3213 nəfərdən 1981 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Göründüyü kimi, rəqəmlər göz qabağındadır.
Sonda aşırı dozadan ölüm hallarına gələk. Hərçənd, bir yerdə nəzarətsiz narkotik istifadəsi varsa, onun nəticəsinin ölüm olması hər zaman gözləniləndir. Baxmayaraq ki, 2024-cü ilə qədər bu qəbildən rəqəmlər açıqlanmırdı. Amma Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası 2024-cü ildə aşırı dozadan ölüm hallarını açıqlayıb. Qurumun saytında olan məlumata görə, 2024-cü ildə narkotk vasitələrdən aşırı doza nəticəsində ölən, 4-ü qadın, 83-ü kişi olmaqla, ümumilikdə 87 nəfər olmuşdur. 2023-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə ötən ilin müvafiq dövründə narkotik vasitələrdən aşırı doza nəticəsində vəfat edənlərin sayı 84 nəfər azalmışdır.
Buradan belə nəticəyə gəlmək olur ki, 2023-cü ildə aşırı dozadan ölən narkotik istifadəçilərinin sayı 171 nəfər olub. Bu azalmaya rəğmən, onu da nəzərə almalıyıq ki, bu rəqəmlər işin rəsmi, yəni görünən tərəfidir. Çox vaxt insanlar utandıqlarından yaxınlarının narkotikdən aşırı dozadan öldüklərini etiraf etmirlər, əskinə, təkzib və inkar etməyə çalışırlar.
Stopnarkotik.az