Azərbaycanla Ermənistan arasında anklav deyə bir anlayış yoxdur. Sadəcə olaraq keçmiş sovet hökumətinin vaxtında Azərbaycan ərazilərinin tədricən qoparılıb Ermənistana verilməsi ilə bağlı müəyyən bir proqram var idi. Bu proqramın mahiyyəti ondan ibarət idi ki, guya Ermənistanda əkin, otlaq yerləri yoxdur. Ona görə də, Azərbaycan kəndlərinin ərazisindən həmin münbit torpaqlar alınıb Ermənistana müvəqqəti istifadə üçün verilirdi. Sonradan isə Ermənistan bunları özünün ərazisi kimi mənimsədi. Nəticədə həmin kəndlər Azərbaycandan ayrı düşdü.
Stopnarkotik.az xəbər verir ki, bunu teleqaraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
“Ona görə də, bu gün Azərbaycan əslində təkcə anklavları tələb etməməlidir. Həmin kəndlər yerləşən bütün ərazilər tələb olunmalıdır”, - deyə o qeyd edib.
Partiya sədri bildirib ki, eyni bədbəxtlik Naxçıvan ərazisində olan Kərki kəndinin də başına gəlib:
“Bu kənd gözəl, füsunkar təbiətə, hərbi strateji mövqeyə malikdir. Kərki kəndi ilə Sədərək rayonu arasında müəyyən bir ərazi var. Həmin ərazini ermənilərə bağ salmaq, əkinçilik üçün vermişdilər. Sonradan ermənilər həmin ərazilərə sahib çıxdılar. Beləliklə Kərki kəndi Naxçıvanın digər ərazilərindən ayrıldı. Bu kəndin qeyri-adi strateji əhəmiyyəti var. Kəndin ərazisindən Ermənistanın əsas magistral yollarının birinə tam nəzarət etmək olur. Dağın yamacında, yüksək bir yerdə yerləşir. Orada kəndin aşağı hissəsindən Ermənistanın ən böyük strateji mağistral yollarından biri keçir. Ona görə də Ermənistan Kərki kəndini qaytarmaq istəmir. Çünki bununla Azərbaycan Ermənistanın mühüm magistral yoluna nəzarəti ələ keçirmiş olur”.
Sərdar Cəlaloğluna görə, Azərbaycan Sədərək rayonu ilə Kərki kəndi arasındakı ərazini də tələb etməlidir ki, bu kənd anklav olmaqdan çıxsın:
“Beləliklə, bu kəndə gedib-gəlmək asan olsun. Keçmiş sovet dövründə Kərkiyə yeganə yol Ermənistan ərazisindən keçib getməklə mümkün idi. Halbuki birbaşa Sədərəkdən Kərkiyə çox gözəl yol salmaq mümkündür. Onə görə də, Azərbaycanı Kərkini Sədərəkdən ayrı salan o ərazini də geri tələb etməlidir. Bununla da Kərkiyə qayıdacaq soydaşlarımız Ermənistan ərazisindən keçmədən Naxçıvanla əlaqələrini qura biləcəklər”.