Rusiyadakı məşhur “Çerkizovski” bazarının sabiq sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun cinayət işində yeni detallar məlum olub.
"Kommersant" qəzeti xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Daxili İşlər Nazirliyinin məlumatına görə, beynəlxalq axtarışa verilən biznesmen bazara nəzarəti ələ keçirmək, onun genişləndirilməsi və mənfəətin yenidən bölüşdürülməsi məqsədi ilə törədilmiş bir sıra qətllərdə iştirak edib.
Telman İsmayılovun iddia edilən qurbanları arasında 1996-cı ildə pulemyotla güllələnən nüfuzlu dağ yəhudiləri Tair və Telman Qurşumov qardaşları da var. Qardaşlardan biri aldığı yaralardan dünyasını dəyişib.
Məlumata görə, Telman İsmayılovun cinayət işində yeni epizodların yaranması Basmannı rayon məhkəməsinin Çeçenistandan olan keçmiş ÇSKA güləşçisi Tarxan Eldukayevin həbs müddətinin üç ay uzadılması barədə qərarı zamanı ortaya çıxıb. Eldukayev Telman İsmayılovun ən yaxın adamlarından biri hesab edilir.
Qəzetin yazdığına görə, Telman İsmayılov 1996-cı ildə Tair Qurşumovla “pərakəndə satış sahəsinə sahiblik hüququ uğrunda rəqabətlə bağlı” münaqişəyə düşüb. Qeyd edək ki, ötən əsrin 90-cı illərində Qurşumov Rusiyada nüfuzlu şəxslərdən biri olub. Azərbaycanda yerləşən Qırmızı Qəsəbədən olan Tair Qurşumov 1970-ci illərdə Moskvaya köçüb və SSRİ Dövlət Plan Komitəsində işləyib. 1990-cı illərin əvvəllərində o, Moskvanın Şərq rayonunda ticarət yarmarkası təşkil edərək kiçik bazarı böyük topdan və pərakəndə ticarət mərkəzinə çevirib. Bundan əlavə, o, Moskvanın dağ yəhudiləri icmasının yaradıcılarından biri olub.
Rusiya FTX-nin məlumatına görə, 1996-cı ilin payızında Telman İsmayılov və Tair Qurşumov arasında münaqişə kəskinləşib. 1996-cı il dekabrın 23-də Tair Qurşumovun və onun kiçik qardaşı Telman Qurşumov Moskvanın Şerbakovskaya küçəsində atəşə tutulub. Tair Qurşumov bir neçə gün sonra dünyasını dəyişsə də, qardaşı sağ qalıb.
İstintaqı rayon prokurorluğu aparsa da, sonradan iş dayandırılıb. “Kommersant”ın mənbələrinə görə, Telman İsmayılov Çerkizovski bazarı ilə bağlı bir sıra qətllərdə iştirakı ilə bağlı da araşdırma aparılır.
Xatırladaq ki, bundan əvvəl tanınmış müğənnilərdən birinə hücum, habelə 2016-cı ildə Novorijskoye şossesində sahibkarlar Vladimir Savkin və Yuri Brılevin sifarişlə qətlə yetirilməsi ilə bağlı iş çərçivəsində qiyabi ittiham irəli sürülən Telman İsmayılov beynəlxalq axtarışa verilib. O, Monteneqroda Rusiyanın tələbi ilə həbs edilib, lakin onu ekstradisiya etməkdən imtina edib.
Qəzet yazır ki, cinayət işi ilə bağlı yeni epizodlar qalmaqallı iş adamının ekstradisiyası üçün ikinci sorğu göndərməyə imkan verəcək.
Vəkil Marina Rusakova “Kommersant”a bildirib ki, Telman İsmayılova qarşı yeni şübhələr barədə ilk dəfədir eşidir./modern.az