Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə Ruhulla Abdullazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Stopnarkotik.az musavat.com-a istinadən xəbər verir ki, Ruhulla Abdullazadə kriminal aləmdə “Amin Mərdəkanski” ləqəbi ilə tanınan Amin Xudaverdiyevi öldürməkdə ittiham olunub.
İttihama görə, 1972-ci il təvəllüdlü Amin Xudaverdiyev Mərdəkanda “Qazilər” çimərliyində başından ov tüfəngi ilə vurularaq öldürülüb. Ruhulla Abdullazadə qətli qisas məqsədilə törədib.
Ruhulla Abdullazadənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
O, qətli atasının ölümünün qisasını almaq üçün törətdiyini deyib. Belə ki, onun atası Cavanşir Abdullayev 2023-cü ilin noyabrın 1-də Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində Pərviz Xudaverdiyev və əmisi oğlu Seymur Xudaverdiyev tərəfindən qətlə yetirilib.
Qətllərin baş verməsinə səbəb pozulan nikah və tərəflər arasında başlayan mübahisələr olub. Belə ki, qətlə yetirilən Cavanşir Abdullayev və “Amin Mərdəkanski” quda olublar.
“Amin Mərdəkanski”nin qızı ilə Ruhulla ailə həyatı qurub, sonradan boşanıblar. Tərəflər arasındakı münasibətlər buna görə korlanıb.
Bu münasibətlərin pozulmasının nəticəsində Xudaverdiyevlər Cavanşir Abdullayevi öldürüb. Ruhulla da atasının qisasını almaq üçün “Amin Mərdəkanski”ni öldürüb.
Ruhulla ifadəsində qətli qisas məqsədi ilə törətdiyini deyib. Bildirib ki, atasının ölümündən sonra utandığından cəmiyyət arasına çıxa bilmirmiş, məclislərdə iştirak etməkdən utanırmış.
Mərhumun qardaşı, hüquqi varisi dindirilən zaman hər iki qətl hadisəsinin səbəbinin pozulmuş nikah olduğunu deyib.
Məhkəmə araşdırması zamanı tərəflər arasında barışıq əldə edilib. Hökmə əsasən, Ruhulla Abdullazadə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Amin Mərdəkanski” Rövşən Canıyevin tərəfdarları sırasında yer alıb.