Bakıda 78 nəfərin bir milyona yaxın pulunu dələduzluqla mənimsəyən 70 yaşlı Zabil Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini və onun məhkəmə zalında həbs olunmasını təklif edib.
Müşavirədən sonra hökm elan edilərək Zabil Məmmədov 5 il sınaq müddəti olmaqla azadlıqdan şərti məhrum edilib.
İttihama görə, Zabil Məmmədov özünü vəzifəli şəxs kimi təqdim edən tanışı Samirə Mirzəyeva, Ağayev Mirqələm, Əliyev Fariz Qaraxan oğlu ilə qabaqcadan əlbir olaraq əlillik dərəcəsinin təyini, bərpası və güzəştli sosial mənzillərin verilməsinə köməklik göstərilməsi ilə bağlı 2022-2023-cü illər ərzində ona müraciət etmiş 78 nəfər şəxsə məxsus ümumilikdə 753 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında qeyd olunan şəxslərə təqsirləndirildikləri əməllərə müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 178. 3.2 ( dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və qanunsuz hazırlama) və digər maddələri ilə ittiham elan edilib, Samirə Mirzəyevanın barəsində başqa cinayət işi üzrə məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınıb, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.