Narkoloq-psixiatr Arzu Bəylərzadə: “Qadınlar arasında tüfeyli həyat tərzinə meyl artıb”
Azərbaycanda 2023-cü il narkomaniyaya qarşı mübarizənin kəskinləşdiyi il kimi yadda qaldı. Bəs bu ilki mübarizə nə qədər müvəffəqiyyətli oldu?
Təbii ki, əgər mübarizə qənaətbəxş olubsa, deməli, nəticələr də arzuedilən səviyyədədir. Bəs, həqiqətən də belədirmi? Məsələyə mütəxəssislərlə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq. İlk olaraq narkoloq-psixiatr Arzu Bəylərzadənin fikirləri ilə oxucularımızı tanış edirik.
- Arzu xanım, 2023-cü ildə narkomaniyaya qarşı mübarizənin nəticələri haqda bir narkoloq-həkim kimi hansı fikirdəsiniz? Sizcə, nələri edə bildik, nələri edə bilmədik?
- İlin yekunu kimi deyə bilərəm ki, bizə müraciət edən narkotik aludəçiləri içində kişilərin sayında azalma var. Amma qadın və uşaqların sayında artım müşahidə olunur. Maarifləndirmə sahəsində görülən işlər də çoxalıb. Əvvəl narkotiklərin fəsadlarını bilmirdilərsə, indi müraciət edən xəstələr bu fəsadları bilirlər.
- Müraciət edənlərin içində kişilərin sayının azalması müsbət haldır. Bəs, sizcə, qadın və uşaqların sayı nəyə görə çoxalıb?
- Çünki qadınlar arasında tüfeyli həyat tərzinə meyl artıb. Boşanma hallarının sayı çoxalıb. Narkoman uşaqların sayının artmasına səbəb isə maraqdır. TikTok-da baxırlar, onlara maraqlı gəlir, enerji, həyat eşqi axtarırlar.
- Arzu xanım, narkodispanserdə aludəçilərlə bağlı görülən tədbirlərdən sonra onlarda müsbətə doğru dəyişikliklər olur?
- Belə desək, görülən tədbirlərdən sonra onlar “özlərini yığırlar”, yəni nəticə çıxarırlar. Kişilərdə detoksikasiya və s. müalicəvi tədbirlərdən sonra narkotiklərə geri dönüş olursa, qadın və uşaqlarda bu geri dönüş olmur, müalicə alıb gedirlər. Yəni qadın və uşaqlarda sağalma sayı daha yüksək olur.
- Necə düşünürsünüz, qarşıdan gələn 2024-cü ildə narkomaniyaya qarşı mübarizə tədbirlərində hansı yenilikləri etməliyik?
- Əsas olaraq uşaqlara maarifləndirici tədbir kimi dərs vəsaiti olmalıdır. İl ərzində tədris edilməlidir. Bu mövzuda tədris ibtidai sinifləri deyil, 5-ci sinifdən başlayaraq şagirdləri əhatə etməlidir. Ən uyğun vasitə budur.
- Bəs sizə müraciət edən uşaqlar əsasən hansı yaş qrupunda olurlar?
- Əsasən 13-15 yaş aralığında olan uşaqlar müraciət edir. Onların da çoxu atasız, anasız, yaxud tək valideynli uşaqlar olur.
- Həmin uşaqlar özləri müraciət edirlər, yoxsa onları kimsə yönəldir, gətirir?
- Onları özlərindən böyük dostları gətirir. Ata-anasının heç xəbəri olmur ki, uşağı narkotik istifadə edir. Belə valideynlər öz haylarında olurlar.
Söhbətləşdi: Asya ŞÜKÜROVA
Stopnarkotik.az