“15 yaşımda anam həbsə düşdü, əmim mənə iynə vurdu” – Narkoman qadınla MÜSAHİBƏ

"Lomkadan ölsəm də, pis yola düşməmişəm"

Onunla Yasamal rayonunda qaranlıq küçələrin birindəki yarımtikilidə görüşdük.

Bəli, hər zaman yarımçıq tikililər, dağılmış və ya tərk edilmiş binaların da öz “sakinləri” olur. Ailəsi qəbul etməyən, səfil, avara- sərgərdan həyat tərzi keçirənlər “başımızın ütündə dam var deyib”, hər tərəfi açıq, tullantılarla, özlərinə aid işlənmiş şiprislərlə dolu, üfunətli  qoxusu olan məkanları yaşayış üçün məkan seçirlər. Çünki belə tərk edilmiş ərazilərdə onlara dəyib dolaşan olmur, ta ki, polis gəlib “yuvalarını” dağıtmayana qədər.

Bu dəfə məkanın qonaqları fərqlidir. Nabələd yolla, qaranlıqlan ürpənərək irəliləyirik. Budur, qaranlıqdan zəif cüssəli, çəkdiyi ağrıların izləri simasında açıq aydın görünən bir nəfər bizə doğru gəlir. Hava qaranlıq olduğundan yaşını və cinsiyyətini dəqiqləşdirə bilmədiyim şəxsin bir əlində közərən siqaret, digər əlində isə, enerji içkisi var. Qaranlıqda kişi olduğunu təxmin etsəm də, yaxınlaşdıqca qadın olduğunu gördüm. Qarşılaşdıqda o bizdən ürkdü, biz də ondan. Çünki gecənin bu saatında, bu vahiməli məkanda qadınla rastlaşacağımı təxmin etməmişdim. Ona yaxınlaşmaq istədim, lakin qorxu hissi məni bir addım geri itələdi.

Əyləşib söhbət etməyi təklif etdim, düşündüyümdən də asan oldu razılaşmağı.

Təranənin (ad şərtidir) 30 yaşı var. İlk dəfə bu “zəhrimarı” istifadə edəndə 15 yaşı olub.

- Neçə yaşın var idi başlayanda ?

- 15 yaşım var idi ilk dəfə əmim mənə “mal vuranda”. Anam oğurluq üstündə tutulmuşdu, içəridə idi.

Əslən Zaqataladan olsaq da, o vaxtlar Bakıda yaşayırdıq. Özümdən böyük bacı və qardaşlarım ailə qurub, köçüb getmişdilər. Tək mən idim evdə. Anam tutulandan sonra depressiyaya düşmüşdüm. Əmim dedi gəl sənə kömək edim depressiyadan çıxmağa, özünü çox yaxşı hiss edəcəksən bu iynəni vursan. Mən də ona aldanıb iynəni vurdum. O gündən bu yana oldum vərdişkar.  Özü öldü canını qurtardı, mən gündə yüz dəfə ölüb, dirilirəm. Bir gün istifadə etməyəndə “lomkada” oluram. Ayaqlarım yara içindədir. “Mal” vurmasam ağrılarım dözülməz olmur. Dişim, qarnım, ayaqlarım, bütün bədənimin sümükləri ağrıyır, ürəyim bulanır.

- Sən narkotikdən istifadəyə başlayanda 15 yaşın var idi, necə əldə edirdin onu. Əmin verirdi?

- Dilənməklə əldə edirdim. 15 yaşımdan dilənirəm. Gündəlik narkotikimin pulunu çıxardıram.

- Olub ki, narkotik tapa bilməyəsən, belə olanda hansı hala düşürsən ?

Olub. Əsasən polis “bariqaları” yığıb aparanda qalmışam “malsız”. Elə də olub ki, pulum olmayıb almağa. Belə olanda ancaq yatıram, ürəyim bulanır deyə, heç nə yeyə də bilmirəm.

Bu gün istifadə etmisən?

- Hələ ki, yox. İndi elə dilənməyə çıxırdım. Düzəldim pulu alıb vuracam.

- Bəs dünən necə, istifadə etmişdin?

Axrıncı dəfə dünən yox, o biri gün vurmuşam. Artıq ağrılarım artıb, dözə bilmirəm. Gedim dilənim, mütləq almalıyam bu gün.

- Ailən səninlə görüşür, atan, anan, bacı və qardaşlarınla əlaqələrin var?

Anam təzə rəhmətə getdi, bacı və qardaşlarım məni görmək istəmirlər. Atam da həmçinin. Evimizdə sonuncu dəfə nə vaxt olduğumu xatırlamıram. Anam ölənə qədər mənimlə görüşürdü. (ağlayır)

- Bu yarımçıq tikilidə yaşayırsan, qorxmursan? Qışda soyuqda necə edirsən, dostların var ?

Yay, qış buradayam mən. Zibillikdən yatacaq tapıb gətirmişdim, polislər gəlib dağıtdılar. İndi kardon kağız parçalarının üzərində yatıram. Dostlarım yoxdur. Təkəm. (Ağlayır)

- Dilənçiliklə malın pulunu düzəltdin, bəs yeməyin, onu necə edirsən?

- Kafelərdə dostlarım var, onlar yemək verir, sağolsunlar ac qoymurlar. Gedə bilməyəndə ac qalıram.

Təmizlik işləri bəs, hamamlanmaq, paltarları yumaq, bunları harada edirsən?

- Gedib pul verib, hamamda yuyunuram. Paltarlarımı da orada yuyuram.

- Sağalmaq istəyirsən?

- Hə istəyirəm.

- Müalicə alıb, sağlam cəmiyyətə qayıtmaq arzun var? Ümumiyyətlə, müalicə almısan?

Bir dəfə məcburi küçədən tutub Maştağada müalicəyə aparıblar, amma çıxıb yenə də istifadə etdim. Təkrar müalicə alsam, yenə istifadə edəcəm. 

- Təksən, həm də qadınsan. Sənə sataşan, əxlaqsızlıq təklif edənlər olub?

- Tək olsam da, lap günlərlə mal almağa pulum olmasa da, o yolun yolçusu olmamışam heç vaxt. Sataşan da olub, söz atanlar da. Amma görəndə ki, onların dediyi deyiləm, uzaqlaşıblar.

Müsahibəmiz maraqlı olsa da, müsahibim öz diliylə desək artıq “lomkada” idi deyə, sağollaşıb ayrılırıq. O gedir dilənməyə, bu gecə nə olursa olsun, mala pul yığmalıdır. Biz isə, söhbətin təsiri altında məkandan uzaqlaşırıq./lent.az

"