Xəbər verdiyimiz kimi, Gəncədə döyülən 18 yaşlı Elgün İbrahimov xəstəxanada vəfat edib.
O, 34 nömrəli məktəbin 11-ci sinif şagirdi olub.
Mərhumun atasının sözlərinə görə, Elgün döyülərkən tanınmaz hala salınıb:
"Axşam bacım zəng edib, ağlaya-ağlaya dedi ki, Elgünün başına iş gəlib, 3 nömrəli xəstəxanaya gəl. Həkimlərdən icazə alıb oğlumun yanına girdik. Uşağım vəhşicəsinə döyülmüşdü, tanınmaz halda idi", - deyə o bildirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, mayın 13-də saat 00 radələrində, 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub:
"Ona qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:10-da pasiyentin ölüm faktı qeydə alınıb."
Faktla bağlı araşdırma aparılır.
*** 18:06
Mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən yataqxanasının həyətində almış olduğu xəsarətdən bu gün müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğunun Mətbuat xidmətindən Stopnarkotik.az-a bildirilib ki, faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin ibtidai istintaqı aparılır.
Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***10:06
Gəncə şəhərində ağır xəsarətlərlə xəstəxanaya gətirilən şəxs orada ölüb.
Stopnarkotik.az xəbər verir ki, 18 yaşlı Elgün İbrahimov kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün.
Ona ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs və şəxslərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.