Ukrayna prezidenti Vladimir Zelenski ölkədə tibbi çətənənin leqallaşdırılmasını təklif edib. Stopnarkotik.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.
“Bütün ən yaxşı dünya təcrübələri, həll yolları, nə qədər çətin və ya qeyri-adi olsalar da, Ukraynada tətbiq edilməlidir ki, bütün Ukrayna vətəndaşları müharibənin ağrı-acılarına, stresslərinə və travmalarına dözməyə məcbur olmasın”, deyə Zelenski deputatlara müraciətində bildirib.
Ukrayna liderinin sözlərinə görə, çətənə əsaslı dərman preparatlarının "ehtiyacı olan hər kəs üçün" qanuniləşdirilməsi ədalətli olacaq. Tibbi çətənənin leqallaşdırılması haqqında qanun 2022-ci ildə Ali Radaya təqdim edilib. Bu il iyunun 7-də Ukrayna Nazirlər Kabineti tibbi çətənənin leqallaşdırılması ilə bağlı qanun layihəsini dəstəkləyib.
Ukrayna Səhiyyə Nazirliyinin rəhbəri Viktor Lyaşko açıqlayıb ki, çətənədən dərman istehsalına qarşı çıxanlar onun dərman vasitəsi kimi tibbi məqsədlər üçün istifadə edilməsidə dəyərini heçə endirmək və ideyanı gözdən salmaq üçün onun əsasında hazırlanan preparatları və qeyri-qanuni dövriyyədə olan çətənəni "gözə soxurlar", onu pis şəkildə qələmə verirlər.
O, əlavə edib ki, çətənə tərkibli dərmanlar ağrıkəsici kimi, əzələlərin və qan damarlarının spazmlarını aradan qaldırmaq, iştahsızlıq, təşviş pozğunluqları və travma sonrası stress pozğunluqlarını müalicə etmək üçün istifadə olunur.
Sopnarkotik.az