Zamirə Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

Azərbaycanda həbsdə olan Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşının Britaniyadakı əmlakı müsadirə olunub.

Stopnarkotik.az xəbər verir ki, bu məlumatı “Azadlıq Radiosu”nun saytı yayıb.

Zamirə Hacıyevanın Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) 6 il çəkən təhqiqatından sonra bu müsadirəyə razılıq verdiyi bildirilir. Söhbət Londonun Naytsbirc məhəlləsində 14 milyon funt-sterlinq dəyərində evdən və Askotda qolf klubundan gedir.

NCA-nın yaydığı məlumatda deyilir ki, agentlik bu aktivlərin irimiqyaslı saxtakarlıq və mənimsəmə, saxta mühasibatlıq və çirkli pulyuma vasitəsilə əldə olunduğuna inanır.

NCA 2018-ci ildə Britaniyadakı bu iki mülklə əlaqədar izah edilməmiş sərvət orderi (UWOs), həmçinin əmlakın satılmasını, başqasına verilməsini, yaxud israf edilməsini önləmək üçün aralıq dondurma orderləri çıxarıb.

Zamirə Hacıyeva 2006-2016-cı illərdə Londondakı Harrods ticarət mərkəzində 16 milyon funt-sterlinqdən (21.3 milyon dollar) çox pul xərcləməsilə gündəmə gəlmişdi. 2018-ci ilin fevralında məhkəmə çəkişməsi başlananda bütün bu əmlakın 22 milyon funt-sterlinqdən çox (29.2 milyon dollar) dəyəri olduğu bildirilirdi.

Ancaq onun vəkilləri iddia qaldıraraq deyirdilər ki, NCA onu qanunsuz olaraq hədəfə alıb. Hansısa pozuntuya yol vermədiyini deyən Hacıyeva daha öncəki məhkəmə instansiyalarının orderi ləğv etməsinə nail olmamışdı.

Onun əri Cahangir Hacıyev 2015-ci ilin martınadək Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə heyətinin sədri olub. Bir il sonra o, mənimsəmə, vəzifə saxtakarlığı, vergidən yayınmada təqsirli bilinib. 2019-cu ildə isə ABB-nin Moskva filialından mənimsəmədə təqsirləndirilib. Hazırda 16 illik cəza çəkir.