Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə qəza zamanı vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “İsuzu” markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarına aşması nəticəsində yol qəzasının baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1994-cü il təvəllüdlü Xəlilov Kamran Arif oğlunu xilas ediblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.