Yeniyetmə qızı şantaj etdi: ya pul, ya da... - Şirvandakı cinayətin təfərrüatı

Şirvan şəhərində yeniyetmə qızı güdərək onu sevgilisi ilə tutan və şantaj edən 1996-cı il təvəllüdlü Cəbrayıl Dadaşov həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə açılmış cinayət işinin təfərrüatları məlum olub.

Bəlli olub ki, Cəbrayıl Şirvanda yerləşən “Elit” ticarət mərkəzinin həyətində meyvə-tərəvəz satışı ilə məşğul olub. O, izlədiyi yeniyetmə qızın başqa oğlanla yaxınlıqdakı yarımtikiliyə daxil olmasını görüb. Gizli şəkildə binaya daxil olan şəxs orada intim münasibətdə olan yeniyetmələri tutub və onları hədələməyə başlayıb.

Cəbrayıl Aytac (şərti adlı) adlı qızdan onunla münasibətdə olmasını və ya 300-400 manat pul gətirməsini tələb edib.

Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlib və həmin şəxslərin hamısı polisə aparılıb. Yeniyetmələr valideynlərinə təhvil verildikdən sonra, Cəbrayıl barəsində cinayət işi açılıb.

Şirvan şəhər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmü ilə Cəbrayıl Dadaşov 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib./publika.az