Yeniyetmə avtobus sürdü, atası cərimələndi - VİDEO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi “İSUZU” markalı avtobusun azyaşlı tərəfindən idarə olunmasını əks etdirən videogörüntü barədə məlumat yayıb.

İdarədən Stopnarkotik.az-a verilən xəbərə görə, aparılan araşdırma nəticəsində hadisənin paytaxtın Xəzər rayonunda 15 yaşlı yeniyetmə tərəfindən törədildiyi müəyyən edilib. BDYPİ əməkdaşları tərəfindən həmin yeniyetmə və atası ilə profilaktik söhbətlər aparılıb. Səhlənkarlığa yol verdiyini etiraf edən valideyn barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

İdarə azyaşlıların sükan arxasına keçməsinə şərait yaradan valideynlərə müraciət edərək belə yanaşmanın əksər hallarda faciəyə gətirib çıxardığını bir daha xatırladır, gənc nəsli qanunlara və ictimai dəyərlərə hörmət ruhunda tərbiyə etməyə çağırır.