Göygöl rayonunda 1985-ci il təvəllüdlü Vidadi ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülnara (adlar şərti göstərilib - red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 13-də gecə, saat 02:00 radələrində Göygöl rayonu, Toğanalı kəndində baş verib. Vidadi əvvəllər birgə kirayədə yaşadıqları evdə faktiki nikahda olduğu arvadı Gülnar ilə arasında baş verən şəxsi münasibətlər zəminində mübahisə zamanı əlləri ilə onun sağ və sol qoluna, sifət nahiyəsinə zərbələr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Vidadinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vidadi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2024-cü ilin yanvarında Göygöl şəhər sakini Gülnar ilə ailə həyatı quraraq əvvəlcə Göygöl rayonu kəndində atasına məxsus evdə, sonradan isə Göygöl rayonu Toğanalı kəndində kirayədə yaşamağa başlayıblar: "Əvvəllər ailə münasibətlərimiz normal olsa da, sonradan Gülnar qısqanclıq zəminində tez-tez mənimlə mübahisələr etdiyi üçün münasibətimiz pisləşdi. Hadisə günü, gecə saat 02:00 radələrində Göygöl rayonu Toğanalı kəndində kirayə yaşadığımız evdən telefonla danışmaq üçün çölə çıxdım. Telefon danışığımı bitirdikdən sonra yaşadığım evə daxil olduqda arvadım kiminlə danışdığımı soruşdu. Bu zaman aramızda şəxsi münasibətlər zəminində, həm də qısqanclıq səbəbindən mübahisə baş verdi. Mübahisə zamanı əl zərbələri ilə Gülnarın sol və sağ qolundan, sifət nahiyəsindən, sinəsindən və boğazından vuraraq onu döydüm".
Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vidadi aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.