Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, həmin şəxsin üzərinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov AKS-74”markalı avtomat silah, 1 ədəd patron sandığı və 25 ədəd patron aşkar olunaraq götürülüb.
Aparılan araşdırmalar zamanı saxlanılan şəxsin rayonun Giləzi qəsəbə sakini, əvvəllər oğurluq, xuliqanlıq və narkotikə görə məhkum olunmuş Ramil Vəliyev olduğu müəyyən edilib.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.