Rusiyada “Vaqner” Özəl Hərbi Şirkətinin iyunun 24-də həyata keçirdiyi silahlı qiyamdan sonra 15-ə yaxın rusiyalı zabit işdən çıxarılıb, 13 zabit isə dindirilmək üçün saxlanılıb.
Bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Ukraynadakı xüsusi əməliyyatlara rəhbərlik edən Rusiya Hava Kosmik Qüvvələrinin komandanı, ordu generalı Sergey Surovikin də saxlanılanlar arasındadır:
“Lakin hələ ki, ona qarşı cinayət işi açılmayıb. S.Surovikin qiyam barədə əvvəlcədən məlumatlı ola bilərdi. Lakin o, özü bu işdə iştirak etməyib”.
Nəşrin məlumatına görə, həm general-polkovnik Andrey Yudin, həm də general-leytenant Vladimir Alekseyev dindirildikdən sonra vəzifələrindən kənarlaşdırılıblar.
Qeyd olunub ki, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Mixail Mizintsev də saxlanılanlar arasındadır.
Xatırladaq ki, “Vaqner”in qiyamından sonra S.Surovikinin həbs olunduğu iddia edilirdi. Lakin bu fakt hələ təsdiqini tapmayıb. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu daha əvvəl bildirmişdi ki, S.Surovikin “Vaqner”lə əlaqəli şəxsdir.