Ukrayna Sudja şəhərinə nəzarəti ələ keçirib - Cəmi üç günə tutduğu ərazilər 400 kvadrat kilometri ötür

Ukrayna hərbçiləri üç gündən az müddətdə Kursk vilayətinin geniş ərazisinə nəzarəti ələ keçirə bilib.

Bu barədə Rusiyanın “Z-kanalları” məlumat yayıblar.

Rusiya mənbələri yazır ki, Ukrayna qüvvələri Sudja şəhərinə demək olar ki, tam nəzarəti ələ keçirə bilib. Həmçinin, ukraynalı hərbçilər Mirnı kəndinə daxil olandan sonra Kazaçya Loknya, Boqdanovka, Knyajıy, 1-ci Knyajıy və 2-ci Knyajıy kəndlərinə nəzarət edirlər. Bunu isə Rusiyanın məşhur “Rıbar” “teleqram” kanalı yazıb. Bundan başqa, kanalın yazdığına görə, Snyaqost kəndində (Korenevodan 10 km məsafədə) döyüşlər başlayıb. Kanal qeyd edir ki, Ukrayna hərbçiləri Kurskdakı ikinci regional mərkəz olan Korenevonun özünə hələlik daxil ola bilməyiblər.

Ukrayna hərbçilərinin bütün irəliləyişlərini nəzərə alsaq, məlum olur ki, Rusiya artıq 430 kvadrat kilometrə qədər əraziyə tam nəzarəti itirib.

Ukraynalı tanınmış hərbi analitik Aleksandr Kovalenko Kursk əməliyyatı ilə Rusiyanın Xarkov vilayətindəki hücumunu müqayisə edib. O, qeyd edib ki, Rusiya qoşunlarının əlli minlik qrupu Xarkovda 35 km-lik bir cəbhə boyu 6-8 km məsafədə irəliləyə bilmişdi və hazırda üçüncü aydır ki,yerində sayır. Ukrayna isə cəmi üç gündə Kursk bölgəsində cəbhəni 50 kilometrə qədər genişləndirib və irəliləyişin dərinliyi 27 kilometri ötüb. O, bununla da rus qoşunlarının nəzarətini itirdiyi ərazilərin ümumi sahəsinin 400 kvadrat kilometri keçdiyini qeyd edib. Bu, yalnız avqustun 8-i günorta saatlarına aiddir.

Maraqlıdır ki, 2024-cü ilin əvvəlindən bu yana Ukraynadakı rus qoşunları ümumilikdə cəmi 1000 kvadrat kilometrdən bir qədər çox ərazini işğal edə bildiyi halda, Ukrayna cəmi üç gündə 400 kvadrat kilometrdən artıq əraziyə nəzarət edir.

C.Məmmədov