Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsinin icrası polkovnik Elşad Əbilova həvalə olunub.
Stopnarkotik.az modern.az-a istinadən xəbər verir ki, Elşad Əbilov İdarə rəisi vəzifəsinin müvəqqəti icrasına başlayıb.
Xəbəri Müdafiə Nazirliyindən təsdiq ediblər.
Məlumat üçün bildirək ki, sözügedən vəzifəni əvvəllər general-mayor Bəkir Orucov icra edib. O, "Tərtər işi"nə görə həbs edilərək məsuliyyətə cəlb olunub.
Fotoda: General-mayor Bəkir Orucov
Ötən ilin sentyabr ayında Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Orucov Bəkir Şirin oğlu və Əhmədov Ramil Bəşir oğlu Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ittiham olunan general-mayor Bəkir Orucov və 8 nəfərin işi üzrə məhkəmə araşdırması davam edir.
Qeyd edək ki, polkovnik Elşad Əbilov Vətən müharibəsi iştirakçısıdır. 1983-1986-cı illərdə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alan Azərbaycan Ordusunun polkovniki “Hərbi xidmətlərə görə”, “Ağdamın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Fotoda: Polkovnik Elşad Əbilov