Ticarət mərkəzində adam bıçaqlayan şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə tanışını bıçaqlamaqda təqsirləndirilən Yusif İlyasovun barəsində verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib.

Belə ki, onun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 il 6 aya endirilib. İttihama görə, hadisə 30 iyun 2021-ci il tarixdə, saat 19 radələrində Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Əli Ticarət Mərkəzi”nin ərazisində qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü Yusif İlyasov həmin ərazidəki kafedə spirtli içki qəbul edib, sərxoş vəziyyətdə çölə çıxarkən yaxınlıqda tanışı zərərçəkmiş Təyyar Bədirxanov və onun qohumu Elşənin birlikdə söhbət etdiyini görüb. Bu zaman o, həmin şəxslərə yaxınlaşıb. Təyyar isə ona şəxsi söhbətlərinin olduğunu deyib, kənarlaşmasını istəyib. Lakin Yusif ona əhəmiyyət verməyib, onların yanından çəkilməyib. Daha sonra onların aralarında mübahisə yaranıb, zərərçəkmiş şəxs Yusifi nalayiq ifadələrlə təhqir edib, üzərinə yeriyərkən Təyyar onu itələyib yıxıb. Təqsirləndirilən şəxs bundan hiddətlənərək ticarət mərkəzinin yaxınlığında saxladığı avtomobilində gəzdirdiyi bıçağı götürüb geri qayıdıb. O, zərərçəkmiş şəxsi təqib edərək ticarət mərkəzindəki üzərində “EVRO” sözü yazılmış obyektin qarşısında ona çatıb, Təyyarın kürək və qarın nahiyələrinə üç zərbə endirib. Hadisədən sonra Yusif İlyasov saxlanılıb və barəsində 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə Yusif İlyasov ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, cinayət əməlini 4 aylıq körpə uşağına qarşı istifadə olunmuş nalayiq ifadələrə görə törədib.