TƏBİB Sumqayıtdakı partlayışla bağlı açıqlama verdi - FOTO

Bu gün saat 06:40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən verilən xəbərə görə, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub.

İlkin məlumata əsasən, hadisə nəticəsində 2-i kişi, 1-i qadın olmaqla xəsarət alan 3 nəfər Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır.

Qeyd edək ki, təcili tibbi yardım briqadaları hadisə yerindədir.

***07:41

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin dağıntılar altında qaldığı, 13 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

İlkin məlumata görə, ölən olmayıb.