Tayvanda güclü zəlzələ oldu: ölənlər və çox sayda yaralı var - VİDEO / YENİLƏNİB-1

Tayvan sahillərində baş verən güclü zəlzələdə ölənlərin sayı 7 nəfərə çatıb.

Stopnarkotik.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar zamanı 736 nəfər isə yaralanıb.

***09:08

Çərşənbə günü səhər saatlarında Tayvan sahillərində baş verən güclü zəlzələ nəticəsində azı 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.

Bu barədə Tayvanın “Çjunşi Sinvenyan” informasiya portalı məlumat yayıb.

Daha əvvəl “Reuters” adanın yanğınsöndürmə idarəsinə istinadən 1 ölü və 50-dən çox yaralı haqqında məlumat yayıb.

Zəlzələ Pekin vaxtı ilə saat 07:58-də (Bakı vaxtı ilə 03:58) baş verib və bütün Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatına görə, zəlzələnin episentri Hualyan şəhərindən 25 km cənub-şərqdə Sakit okeanda, zəlzələ ocağı isə 15,5 km dərinlikdə yerləşib. Bundan sonra ərazidə 20-dən çox yeraltı təkan qeydə alınıb.

***:08:45

Tayvan yaxınlığında 7,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, Yaponiyanın cənubunda yerləşən Okinava və Miyako adaları üçün sunami təhlükəsi elan edilib.

Təbii fəlakət nəticəsində bir nəfər həyatını itirib, 50-dən çox insan xəsarət alıb. 

Adanın Mərkəzi Meteorologiya İdarəsinin rəhbəri Vu Jianfu Tayvanda baş verən zəlzələnin 21 sentyabr 1999-cu ildən bəri ən güclü zəlzələ olduğunu bildirib.

“Bugünkü 7,5 bal gücündə zəlzələ 21 sentyabr 1999-cu ildən bəri ən güclü zəlzələ olub. Zəlzələ bütün Tayvanda, o cümlədən mərkəzi və şimal hissələrdə hiss edilib”, - o,  qeyd edib. Bildirilir ki, 25 il əvvəl Tayvanın Jiji şəhərində 7,3 bal gücündə zəlzələ baş verib. O zaman 11 mindən çox insan yaralanıb.