TANINMIŞ PROFESSORUN OĞLU YARIM MİLYONLUQ DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - Şok iddialar

Övladlarını xaricdə oxutmaq istəyən ana külli miqdarda dələduzluğa məruz qaldığı üçün şikayət etdi, hazırda şantaj olunur

Prezident İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edərək, onları övladlarını düzgün tərbiyə etməyə çağırıb. Bəzi məmurlara məhz övladlarının xoşagəlməz hərəkətlərinə görə sərt xəbərdarlıq edib. Hətta onlardan cəmiyyətdə özlərini apara bilməyən övladları barədə ölçü götürməyi tələb edib: "Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə, mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq".

Bu günlərdə redaksiyamıza daxil olan şikayət də məhz vəzifəli şəxslərin övladlarının qanunsuz əməlləri ilə bağlıdır. Bu işdə zərərçəkmiş şəxs kimi çıxış edən xanım şikayətçi (müəyyən səbəblərdən adını açıqlamırıq – müəl.) redaksiyamıza müraciətində öncə mətbuatda dərc olunan bir faktı xatırladır: BDU-nun "Riyazi analiz" kafedrasında əvəzçilik ilə professor vəzifəsində çalışan, AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Vaqif Quliyevin oğlu-Quliyev Emin Vaqif oğlu 2017-ci ilin noyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. (https://news.day.az/azerinews/1039242.html)”.

Emin Quliyev

Qeyd edək ki, adı dələduzluqda hallanan “İG Academy” şirkətinin rəhbəri, professor oğlu Emin Quliyev Londonda təhsil almaq adı ilə bir çox vətəndaşları aldatdığına görə həbs edilib. Lakin, şikayətçi yazır ki, həbs müddəti başa çatmadan azadlığa çıxan Emin Quliyev yenə də köhnə “peşəsi”ndən əl çəkmir:

“Emin Quliyevlə yanaşı, SOCAR-ın Türkiyədəki ofisində rəhbər vəzifədə olan Aqşın Səlimov, qardaşı Səlim Səlimov, Aqşın Səlimovun müavini Pərvin adlı şəxslərdən ibarət mütəşəkkil dəstə üzvlərinin adı İngiltərətə təhsil almaq adıyla vətəndaşlardan pul almaqda hallanır. Bu mütəşəkkil dəstə bir çox ölkələrdə müxtəif adlar altında işləyirlər. Bakıda “Studynet -group” adı altında fəaliiyyət göstərən dəstə üzvləri paralel olaraq Türkiyədə “Kollec57”-nin əməkdaşları kimi təqdim edilirlər. “Studynet group”-a Xalid Musayev adlı şəxs rəhbərlik edib”.

Aqşın Səlimov

Şikayət məktubunda qeyd olunur ki, “Studynet group”-da işləyən İlkin Məstanzadə hazırda Türkiyədə “Kollec57”-ni təmsil edir: “Bu dəstə üzvləri müxtəlif vaxtlarda xaricdə təhsil proqramı ilə sərgilər təşkil edir, sərgidə iştirak edən gəncləri cəlb edərək anket hazırlayıb tələyə salırlar”.

Onların tələsinə düşən şəxslərdən olduğunu vurğulayan xanım şikayətçi yazır: “Mən də onların qurduğu tələyə düşdüm. Özünü Londonda “Kollec57”-nin meneceri kimi təqdim edən Emin Quliyevlə məni məhz Xalid Musayev və İlkin Məstanzadə tanış etdilər. Belə ki, övladlarımdan biri onların vasitəsçiliyi ilə Almaniyiya göndərildi. Xalid Musayev təhsil haqqının bir qismini təhsil ocağının hesabına, digər qismini isə şəxsi hesabına köçürəcəyimizi bildirdi. 1 il sonra digər övladımın da Almaniyada təhsil alması üçün onlara mürüciət etdim. Nədənsə 2-ci övladıma səfirlik viza vermədi. Bu iş baş tutmadığı üçün bu şəxslər mənə hər 2 övladımın birlikdə İngiltərədə təhsil almalarını təklif etdi və bu işin yalnız İsmayıl (Baxış) adlı şəxs tərəfindən həll edilə biləcəyini bildirdilər. Bu şəxs özünü Bakıda İsmayıl, Türkiyədə isə Baxış kimi təqdim edir.

Hər 2 övladımın birlikdə yaşaması və təhsil alması üçün böyük övladımı Almaniyadan İngiltərəyə göndərmək məqsədilə Bakıya gətirdim. Şərtlərə görə 300 min dollar (təxminən yarım milyon manat - müəl.) qarşılığında hər iki övladım İngiltərədə təhsil almaları təmin edilməli idi. Bura viza alınması, təhsil və təhsillə bağlı bütün xərclər, 3 aylıq İELTS kursu daxil idi.

300 min dollar məndən Səbuhi, İsmayıl, Arzu və Firuz adlı şəxslərin vasitəsilə Bakıda alınıb. Hər 2 qız övladımı İngiltərəyə Emin Quliyev özü aparıb. Emin Quliyev İngiltərənin “Kaplan” və “David Games” kolleclərilə işbirliyi qurduğunu dedi. Təbii ki, qaydalara görə, kollecə qəbul olmadan öncə övladlarıma İELTS kursu keçirilməli idi. Lakin İELTS yerinə ingilis dilinin başlanğıcı kursuna yazdırmışdır. Buna etirazımızı bildirdikdən sonra Emin övladlarımı “Kaplan” kollecindən çıxarıb “David Games” kollecinə yazdırdı”.

İsmayıl və yaxud Baxış

Bundan sonra məlum olur ki, ondan 300 min dollar almalarına rəğmən, övladlarından yalnız birinin təhsil haqqı ödənilib: “Uzun zaman itkisindən dolayı övladlarımdan biri kollecə qəbul olunmaqdan məhrum oldu. Bu zaman aldandığımı anladım və bunu Eminə bildirdikdən sonra Emin Quliyev mənə bıçaqlandığını və pulların oğurlandığını, üstəlik ona verdiyim pulu mənə qaytara bilməyəcəyini bildirdi”. Maraqlıdır ki, Emin Quliyev Türkiyə polisinə verdiyi izahatda isə külli miqdarda borcu olduğu üçün özünə qəsd etdiyini yazır.

“Məlumat üçün bildirirəm ki, Emin Quliyevin qardaşı Hüseyn Quliyev Britaniya vətəndaşıdır. Emin Quliyevin sürücüsü qismində özünü tanıdan Həsən adlı şəxs də Britaniya vətəndaşıdır. Bu şəxslər də Eminin dəstəsinə daxildir. Həsən adl şəxs hətta bu günə qədər qızımın məişət və digər şəxsi əşyalarını da ələ keçirib. Yalnız pul müqabilində geri qaytaracağını deyir”, - deyə dələduzluğa məruz qalan valideyn bildirir. Onun sözlərinə görə, çarəsiz durumda qaldığından, Surrey Universitetinin rəhbərliyindən təhsil haqqını və s. xərcləri ödəməsi üçün möhlət istəyib. Qızı isə bütün bunlarla bağlı İngiltərə polisinə şikayət edib.

Məlumata əsasən, Emin Quliyevlə adı hallanan İsmayıl adlı şəxs bir çox xarici ölkələrin  Bakıdakı səfirliklərində (Macarıstan, Polşa, Slovakiya) müəyyən adamlarla əlaqəyə girərək, şengen vizası düzəldir.

“Mənim özüm işimlə bağlı Macarıstan səfirliyinə viza üçün müraciət etmişdim. Razılığım olmadan hazır sənədlərimi səfirlik İsmayıl adlı şəxsə vermişdir. Bununla bağlı Macarıstanın Xarici İşlər Nazirliyinə müraciət etsəm də, heç bir nəticə olmadı və müxtəlif şantajlara məruz qaldım. Bundan sonra Macarıstan səfirliyindəki qanunsuzluqlardan Azərbaycan Xarici İşlər Nazirliyinə şikayət etdim. Bundan sonra şikayətimi geri götürməyəcəyim təqdirdə qızımın vizasını ləğv edəcəkləri ilə şantaj olunuram”, - deyə şikayətçi onu da bildirir ki, hazırda bu dəstə üzvləri İran, Suriya, İraq vətəndaşlarından pul alaraq, ölkələrindən qaçmaq üçün Türkiyədə və ya Azərbaycanda oturum alır, sonra qısamüddətli vizalarla digər Avropa ölkələrinə, eləcə də Amerika və İngiltərəyə keçirirlər.

Dələduzluğa məruz qaldığını bildirən xanım deyir ki, professor oğlunun bu dələduzluğu və qaranlıq keçmişi ilə bağlı AMEA-nın Prezidentinə və BDU-nun rektoruna müraciət etsə də heç bir tədbir görülməyib. “Sizdən xahiş edirəm bu mütəşəkil dəstə üzvlərinin bütün dünyada ifşa edilməsi və cəzalandırılması üçün tədbir görülməsi üçün köməklik göstərəsiniz”, - deyə o, əlavə edir.

Stopnarkotik.az

Redaksiyadan: Mövzu ilə bağlı apardığımız geniş araşdırmanın nəticəsini tezliklə dərc edəcəyik. Rəsmi qurumların və yazıda adı hallanan şəxslərin mövqeyini də dərc etməyə hazırıq.