Tanınmış həkim azərbaycanlı alimi maşınla vurub öldürdü - TƏFƏRRÜAT / YENİLƏNİB-2

Dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib.

Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib.

Hadisədən dərhal sonra A.Maqsudov A.Acaloğlunu Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İstintaq tədbirləri nəticəsində A.Maqsudovun spirtli içki qəbul etməsi və narkotik vasitədən istifadə etməsini araşdırmaq üçün narkoloji dispanserdə müayinədən keçirilib. Onun bu kimi maddələrdən istifadə etmədiyi məlum olub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, hadisə noyabrın 15-i saat 23:30-da Olimpiya Stadionunun yaxınlığında baş verib.

Belə ki, Bakı şəhər sakini Maqsudov Azər Spartak oğlu etibarnamə ilə idarə etdiyi 90-DR-808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olan və Nərimanov rayonunda qeydiyyatda olan 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən yerləşdiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

***

Bakıda tanınmış alim Arif Acaloğlunun ölümü ilə nəticələnən yol qəzası faktına görə cinayət işi başlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci ( yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi açılıb. Eskpetizalar təyin edilib.

***12:50

Tanınmış alim Arif Acaloğlu avtomobil qəzasında həlak olub.

Hadisənin bəzi təfərrüatı məlum olub. 

Belə ki, hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb.

Sürücü “Mercedes” markalı avtomobil ilə H.Əliyev prospekti Mərdəkan istiqamətində hərəkətdə olarkən stadionla üzbəüz yolu keçən Arif Mikayıl oğlu Acaloğlunu vurub. Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Qeyd edək ki, avtomobili idarə edən şəxs Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub./apa

***12:13

Bakıya qonaq gəlmiş tanınmış alim Arif Acaloğlu dünyasını dəyişib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, İstanbul Mərmərə Universitetinin azərbaycanlı müəllimi, türkoloq alim, əslən Gürcüstanın Bolnisi rayonundan olan Arif Acaloğlu bu gün Bakıda yol qəzasında həlak olub. O, Bakıda elmi konfransda iştirak etmək üçün gəlibmiş.