Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə, partlayış nəticəsində 6 nəfər xilas edilib.
***11:16
Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə xəsarət alan 6 nəfər (4 kişi cinsli, 2 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə təxliyə olunublar.
Stopnarkotik.az xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda deyilib.
Bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına ağır yanıq xəsarətləri ilə yerləşdirilən 1977 (kişi cinsli), 2007 (kişi cinsli) və 2010-cu il (qadın cinsli) təvəllüdlü şəxslərə zəruri tibbi yardımlar göstərilib. Onlar ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunurlar.
Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 1952-ci il təvəllüdlü (kişi cinsli) şəxsə arterial hipertenziya səbəbilə zəruri tibbi yardımlar göstərilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
1975-ci il təvəllüdlü (qadın cinsli) şəxsə sol ayağın yüngül kəsilmiş yarası diaqnozu təyin edilib. Sözügedən şəxs stasionar müalicədən imtina edib.
Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxsə diz oynağının açıq yarası diaqnozu təyin edilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Novxanı bağları massivindəki partlayışla əlaqədar isə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına xəsarət alan 2 nəfər (1 qadın cinsli, 1 kişi cinsli) hospitalizasiya olunub.
1949-cu il təvəllüdlü (kişi cinsli) şəxsə müxtəlif nahiyələrin I, II dərəcəli termiki yanığı diaqnozu, 1959-cu il (qadın cinsli) təvəllüdlü şəxsə əzilmiş, cırılmış yaralar diaqnozları təyin edilib.
1949-cu il təvəllüdlü şəxs ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur.
Hazırda digər şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.
***10:40
Sumqayıtda baş verən partlayışlarla bağlı araşdırma aparılır.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
Bildirilib ki, dekabr ayının 3-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə və Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində partlayış baş verib.
Qeyd olunan faktlarla əlaqədar dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin xüsusi texniki vasitələri və canlı qüvvələri, prokurorluq və polis əməkdaşları cəlb olunmaqla, operativ və təxirəsalınmaz tədbirlər icra olunur.
Belə ki, şəhərin 13-cü mikrorayonunda baş verən partlayış nəticəsində 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam etdirilir.
***09:38
Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Bununla bağlı Stopnarkotik.az-a FHN-dən məlumat verilib.
Bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***08:16
Sumqayıt şəhərində yaşayış binalarının birində partlayış baş verib.
DİN Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, hadisə ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi üçün və digər zəruri tədbirlər davam etdilir.
***
Qeyd edək ki, Sumqayıtda binada baş verən partlayışla bağlı FHN-in qüvvələri ərazidə xilasetmə işləri aparır. Hazırda 13 nəfərin xəsarət aldığı bildirilir.