“Stopnarkotik.az asılı insanlara özlərini necə aparmağın yolunu göstərir” – LEYLA MİRZƏYEVA

“Stopnarkotik.az saytı insanlara özlərini necə aparmağın gərəkli olduğunu göstərir”.

Bunu Stopnarkotik.az saytının 1 yaşının tamam olması ilə bağlı fikir söyləyən “Saflıq” Reabilitasiya Mərkəzinin rəhbəri Leyla Mirzəyeva bildirir:

“Yəni əgər insan düşünürsə ki, zərərli vərdişlərə başlayacaq və qərar verdiyi anda da onlarla üzülüşə biləcək, səhv edir. İnsan eyni səhvləri edən başqalarının təcrübəsinə baxmalıdır və ibrət çıxarmalıdır. Xüsusilə də gənclərimiz özlərini nələrdənsə asılı vəziyyətə salmamalıdır. Bu, yaxşı heç nəyə gətirmir".

Leyla Mirzəyeva deyir ki, əgər insan işgəncə çəkmək istəyirsə, onda pis vərdişlərdən asılılığı seçə bilər: "Amma normal həyat yaşamaq istəyirsə, o zaman başqalarının təcrübəsinə baxaraq, eyni yolu getməməli, həmin səhvləri təkrar etməməlidir.

Stopnarkotik.az saytının faydası ondan ibarətdir ki, asılı insanlar müalicə olunan insanların keçdiyi təcrübədən faydalanaraq, sağala, sağlam həyata doğru addım atmağa qərar verə bilərlər. Yəni “o, bacarıbsa, mən də bacaracağam, onda alınıbsa, məndə də alınacaq”, prinsipi ilə hərəkət etməlidir. Bu saytın missiyası aktiv şəkildə narkotik istifadə edən, alkoqolizm və qumar asılılığından əziyyət çəkənlərə də çıxış yolunun olduğunu, qurtuluşun digər insanlarda alınıbsa, onada da alınacağını göstərməsidir”.

Stopnarkotik.az