“Sərhədçilərin dostu” şüarı altında keçirilən 5-ci kinoloji yarışlar başa çatıb - VİDEO, FOTOLAR

12-19 oktyabr tarixlərində Dövlət Sərhəd Xidmətinin Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı mərkəzində hərbi hissələr arasında xidməti itlərin təlimatçıları və bələdçilərinin “Sərhədçilərin dostu” şüarı altında 5-ci kinoloji yarışları keçirilib.
DSX-dan Stopnarkotik.az-a verilən məlumata əsasən, kinoloji yarışlara Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı mərkəzinin, Sərhəd Qoşunları hərbi hissələrinin, Sərhəd Nəzarəti şöbələrinin kinoloq-mütəxəssisləri cəlb olunub. 
Yarışların keçirilməsində məqsəd xidməti itlərin təlimatçıları və bələdçilərinin peşəkar hazırlığını inkişaf etdirmək, dövlət sərhədinin mühafizəsi və müdafiəsində xidməti itlərlə sərhəd pozucularının axtarışı və saxlanılması, narkotik maddələrin axtarışı, minatəmizləmə əməliyyatlarında peşəkarlıq səviyyəsinin artırılması, həmçinin ən yaxşı praktiki vərdişlərə malik kinoloq-mütəxəssisləri və yüksək iş qabiliyyəti olan xidməti itləri müəyyən etməkdir.
Yarışlarda xüsusi təlim keçmiş xidməti itlərlə nəqliyyat vasitələrində, əl çantalarında narkotik maddələrin axtarışı, sərhəd pozucularının izlərlə təqib olunaraq saxlanılması, ərazidə tank və piyada əleyhinə minaların aşkar edilməsi üzrə tapşırıqlar icra edilib.
Sonda qalib olmuş hərbi qulluqçulara kubok, diplom və pul mükafatları təqdim olunub, qalib xidməti itlərə isə yarışda layiq görüldüyü yeri göstərən metal jetonlar verilib.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra sərhədçi kinoloq-mütəxəssislər tərəfindən xidməti itlərlə nümunəvi çıxışlar nümayış etdirilib.

Stopnarkotik.az