Sosial evlərlə bağlı daha bir məhkəmə - HÖKM OXUNDU

Sosial evlərlə bağlı dələduzluq edən daha iki nəfər həbs olunub.

Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Xəqani B. və 1969-cu il təvəllüdlü Arzu C. barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, Arzu Respublika Diaqnostika Mərkəzində və digər yerlərdə çalışan 18 tanışının hər birindən 5, 10, 23 min manatadək pul alaraq onlara iş yoldaşı Xəqaninin vasitəsi ilə sosial evlər layihəsindən 1, 2, 3 otaqlı mənzillər alacağını vəd edib. Zərərçəkmişlər onun dediklərinə inanaraq "Old Castle" kafesində və başqa yerlərdə vəsaiti Arzuya veriblər. 

Arzu onlara iş yoldaşı Xəqaninin Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) tanışlarının olduğunu, sosial evlər layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə zərərçəmiş şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərəcəyini bildirib. Məhkəmədə Arzu zərərçəmişlərdən aldığı pulu Xəqaniyə verdiyini və həmin şəxsin onları aldadaraq pulları mənimsədiyini deyib.

Xəqani isə əksinə, ifadəsində bildirib ki, Arzu zərərçəkənlərdən pul alaraq, şəhərin mərkəzində oğlu ilə bərabər "Old Castle" kafesini açıb. Həmin restoranı icarə götürərək, 70-80 min manat təmirə pul xərcləyib. Arzu əksər zərərçəkmiş şəxslərlə də məhz həmin kafedə görüşüb, pulları alıb. Həmçinin bildirib ki, Arzu özünə maşın alıb və tez-tez bahalı istirahətlərə yollanıb. 

Zərərçəkmişlər onlardan şikayətçi olduqlarını deyiblər. Məhkəmənin qərarı ilə Xəqani 1 il 11 ay 27 gün, Arzu isə 2 il 11 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.