“Ümid edirəm ki, yorulmayacaqsınız, usanmayacaqsınız, ruhdan düşməyəcəksiniz”
“Təəssüflər olsun ki, Azərbaycanda narkotik istifadəçilərinin sayı çoxdur və hələ də azlama müşahidə olunmur. Ona görə də, bu istiqamət üzrə dayanmadan çalışmaq lazımdır. Stopnarkotik.az saytının bu sahədəki istiqaməti də, məncə, çox doğru-dürüstdür".
Bu fikirləri Stopnarkotik.az saytının 1 yaşının tamam olması ilə bağlı danışan sosioloq Mail Yaqub bildirib: “Ümumiyyətlə, hər hansı maarifləndirici addım hətta bir nəfərə belə dəstək olsa, o dəyərlidir. Təbii ki, əgər bu sayt, yazılı mətn formasındadırsa və maariflləndirici xarakter daşıyırsa, minlərlə, onminlərlə, bəlkə də yüzminlərlə insana çatır. Onların arasında bu yazılardan faydalanan insanlar olur, buna şübhə yoxdur. Çünki sizin saytın formatı şəffafdır, maarifləndiricidir və faydalıdır. Və bu faydalı mətndən yararlanan xeyli insan olub. Bunun özü çox dəyərlidir.
Yəni məsələyə bu prizmadan yanaşmaq lazımdır. Çünki maarifləndirici fəaliyyətlər mədəniyyət sferasına aiddir. Nə birbaşa iqtisadi sferaya, nə də siyasi sferaya aid deyil. Cəmiyyətin üç sferası var: mədəni, siyasi, iqtisadi. Bu, mədəni sfearaya aiddir və mədəni fəaliyyətlərin nəticəsi dərhal bilinmir. Uzun müddət, hətta bir neçə il sonra öz bəhrəsini verir. Ona görə, dayanmadan çalışmaq lazımdır.
Sosioloq hesab edir ki, Stopnarkotik.az saytının fəaliyyəti ilə yanaşı, adı da maarifləndirici xarakter daşıyır: “Saytın adı çox önəmlidir. Sadəcə, narkotiklə mübarizə daha çox təbliğ olunmalıdır. Narkotik istifadəçilərinin azalması üçün çalışmaq çox önəmlidir. Bu yön çox vacibdir. Təəssüflər olsun ki, Azərbaycanda narkotik istifadəçilərinin sayı çoxdur, az deyil, hələ də azlama müşahidə olunmur. Ona görə də dayanmadan bu istiqamət üzrə çalışmaq lazımdır. Məncə, bu sahədəki istiqamətiniz çox doğru-dürüstdür.
Sizi təbrik edirəm. Ümid edirəm ki, yorulmayacaqsınız, usanmayacaqsınız, ruhdan düşməyəcəksiniz”.
Stopnarkotik.az