Gəncə şəhərində ölümlə nəticələnən partlayışın bəzi təfərrüatı məlum olub.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, hadisə baş verən ev hadisədə ölən Adil adlı şəxs tərəfindən kirayəyə götürülübmüş və o, həmin evə həftədə bir-iki dəfə gəlirmiş.
Qonşuların dediyinə görə, Adil adlı ortayaşlı kişi ailəli olub və başqa yerdə yaşayırmış. Bu evi isə o, sevgilisi ilə görüşmək üçün kirayələyibmiş. Hadisə zamanı Adillə mənzildə olan 64 yaşlı qadın isə onun uzunmüddətli sevgilisi olub.
Məlumata görə, hadisədən bir neçə gün qabaq Adil həmin qadınla dalaşıbmış. Dünən axşam saatlarında onlar yenidən həmin evdə görüşüblər və qadın Adildən pul istəyib. Adil isə qadına vermək üçün pulunun olmadığını deyib. Nəticədə aralarında mübahisə baş verib.
Hadisədən sonra qadın mətbəxə keçərək qazı açıq qoyaraq evi tərk etmək istəyib. Qadın evdən çıxarkən tərəflər arasında yenidən mübahisə başlayıb və Adil qadına bıçaqla xəsarət yetirib. Mübahisə sakitləşəndən sonra kişi mətbəxdən balkona çıxmaq istəyərkən siqaret yandırıb və nəticədə partlayış baş verib.