Sabahdan cərimələr başlayır? – Hüquqşünas aldanmamağa çağırdı

Evini sığortalamayanlar cərimə olunmayacaq. İyunun 1-dən tətbiq ediləcəyi deyilən cərimənin heç bir mexanizmi yoxdur.

Bu barədə hüquqşünas Əkrəm Həsənov qeyd edib.

Hüquqşünas xatırladıb ki, bu məsələni hələ 2020-ci ilin yanvarında Bakı Şəhər İcra Hakimiyyəti bəyan edib:

“Suyu bulandıran vətəndaşlara bildirişlər göndərərək onları hədələyən sığorta şirkətləridir. Bunun nəticəsində xeyli vətəndaş sığorta şirkətləri ilə müqavilə bağlayaraq evlərini sığortalayıb”.

Ekspert bildirib ki, Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hədə təsiri altında bağlanan əqd etibarsızdır:

“Odur ki, həmin vətəndaşlar bağlanılan müqavilələrin etibarsız hesab edilməsini, ödənilən pulun (50 manat) qaytarılmasını və hətta vurulan mənəvi zərərə görə kompensasiyanın ödənilməsini tələb edə bilərlər.

Qanun 10 ildən çoxdur ki, daşınmaz əmlakın icbari sığortasını tələb edir. Lakin mexanizmi olmadığı üçün qanun həm “ölü”, həm də ədalətsizdir. Çünki bu sığorta könüllü olmalıdır. Özü də Azərbaycanda kommersiya sığorta modeliylə yanaşı, müştərək sığorta modeli (sığorta hadisəsi baş vermədikdə vətəndaşın sığorta haqqı tam batmır) də tətbiq olunmalıdır. Əks halda indiki kimi sığorta şirkətlərinə etimad olmayacaq”.

Ə.Həsənov vurğulayıb ki, Prezident hələ 2020-ci ildə mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işlərinin aparılmasını tapşırmışdı:

“Bundan sonra sığorta şirkətləri tərəfindən ilin sonundan aparılan kampaniyaya son qoyuldu. Ancaq hökumətə verilən bu tapşırıqdan 3,5 il ötsə də, sığorta bazarına nəzarət edən Mərkəzi Bank bu sahədə heç bir iş aparmayıb”.