Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədovun məhkəməsi başlayır.
Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda baxılacaq.
Baş Prokurorluğun yaydığı məlumata görə, Bərdə Rayon Məhkəməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Məhkəmə-Hüquq Şurası ilə birgə araşdırma aparılıb.
İbtidai istintaqla Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvlərindən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Əhmədov Elsun Məzahir oğlu şübhəli şəxs qismində tutulub, fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatl əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.