Ruslan Eyyubov apellyasiya şikayətini geri götürdü - VƏKİLİNDƏN AÇIQLAMA / YENİLƏNİB

Xəbər verdiyimiz kimi, 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki rəhbəri Ruslan Eyyubov apellyasiya şikayəti vermişdi.

Məlumata görə, Ruslan Eyyubovun şikayətinə 12.30-da baxılmalı idi. Ancaq onun apellyasiya şikayətini geri götürdüyü bildirilir. 

Stopnarkotik.az xəbər verir ki, azpolitika.info bunun səbəbini öyrənmək üçün Ruslan Eyyubovun müdafiəsini həyata keçirən vəkil Muxtar Mustafayevlə əlaqə saxlayıb. Muxtar Mustafayev açıqlmasında Ruslan Eyyubovun apellyasiya şikayəti vermək niyyətinin olmadığını bildirib. 

“Ruslan Eyyubov barəsində seçilmiş həbs qərarından şikayət verməyib, mən bu niyyətdə olmuşam, amma o etiraz edib”, - deyə vəkil vurğulayıb.

Muxtar Mustafayev əlavə etdi ki, Ruslan Eyyubov cinayət əməli törətmədiyini bildirir və özünün qanunlar qarşısında dürüst olduğuna inanır.

“Ona görə də o, apellyasiya şikayəti verməyə ehtiyac olmadığını, hər şeyin istintaqın apardığı araşdırma ilə üzə çıxacağını bildirdi”, - vəkil qeyd edib.

Xatırladaq ki, dekabrın 22-də 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb. R. Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Məhkəmə qərarı ilə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

***

5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki rəhbəri Ruslan Eyyubov apellyasiya şikayəti verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun şikayətinə bu gün baxılacaq.

Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, Ruslan Eyyubovun həbsdən azad edilməsi istənilir.

Ruslan Eyyubovun müdafiəsini tanınmış vəkil Muxtar Mustafayev həyata keçirir. Həmin vəkil bundan əvvəl “Dəmirçi Plaza”nın sahibinin oğlu Qafar Dəmirçinin, eləcə də çoxsaylı məmur və iş adamlarının müdafiəçisi olub.

Qeyd edək ki, R.Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır. Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır.