Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi bu ölkənin bütün qonşularına təhdid yaratdığını bir daha ortaya qoydu. Ona görə də bəzi dövlətlərin Kremlin bu cür aqressiv addımlarından öz suverenliyini qorumaq üçün tədbirlər görməyə başlaması təbiidir.
Estoniya hökuməti ölkədəki rusiyapərəstlərin dövlətin təhlükəsizliyinə yaratdığı təhdidlərə qarşı mübarizə aparmaq qərarına gəlib. Belə ki, hökumət Rusiya vətəndaşlığı almaq istəyən insanların deportasiyası üçün hüquqi mexanizmlər axtarır.

Ölkənin baş naziri Kaja Kallas son çıxışında Rusiyanın Ukraynaya təcavüzü ilə beynəlxalq hüququn bütün prinsiplərini pozduğunu xatırladıb. Bu baxımdan Baş nazirin fikrincə, təcavüzkar ölkənin Estoniya və müttəfiqlərinin təhlükəsizliyini necə pozmaq istəməsinin digər aspektlərini də nəzərə almaq lazımdır: “Məsələn, Rusiya Federasiyası hərbi təlimlər zamanı Baltikyanı ölkələrə hücumları nəzərdən keçirib, rəsmi kanallar vasitəsilə Qərb ölkələri haqqında mütəmadi olaraq düşmənçilik və yalan məlumatlar verir və ya bu yaxınlarda yenidən qeyri-qanuni miqrantların Avropa İttifaqına daxil olmasını təşkil etməyə başlayıb”.
Kallas deyib ki, hökumət uzun müddət Estoniyada yaşayan istənilən şəxsin müstəqil media sayəsində Ukraynadakı müharibə və demokratik dünyanın Rusiya təcavüzünə münasibəti haqqında həqiqi təsəvvür əldə etdiyinə əmindir. Ona görə də bütün bunlara baxmayaraq, həmin insanın könüllü olaraq Rusiya vətəndaşlığını qəbul etmək qərarına gəlməsi təcavüzü dəstəkləmək və Estoniyanın təhlükəsizliyinə təhdid yaratmaq deməkdir: “Rusiya Ukrayna dövlətinə hücum edərkən Estoniyada yaşayan bir şəxsin Rusiya vətəndaşlığını qəbul etməyə qərar verməsi onu göstərir ki, lazım gələrsə, səfərbərlik çərçivəsində o, Rusiya ordusuna qoşulmağa və müharibədə bilavasitə iştirak etməyə hazırdır.Bu, artıq Estoniyanın təhlükəsizliyinə təhdiddir və Estoniya dövlətinin diqqətindən kənarda qala bilməyəcək çox açıq siqnaldır”.
Baş nazir əlavə edib ki, ölkənin “Əcnəbilər haqqında Qanunu”nun 241-ci maddəsinə əsasən, Estoniyada uzunmüddətli yaşayan şəxsin ictimai asayiş və milli təhlükəsizliyə təhlükə törətdiyi təqdirdə yaşamaq icazəsi ləğv edilə bilər. Bu tədbirlərin artıq Estoniya vətəndaşlığı almış “rus dünyası aşiqləri”nə də tətbiq olunacağı istisna edilmir.
Kallas həmçinin təsdiqləyib ki, Daxili İşlər Nazirliyinin rəhbəri Lauri Lanemetsin Rusiya vətəndaşlığını almaq qərarına gələnlərin deportasiya yolunun tapılması ilə bağlı bəyanatı hökumətin rəsmi mövqeyidir.
Əslində, Estoniyanın bu mövqeyi digər postsovet ölkələri üçün də nümunə olmalıdır. Rusiya Ukraynaya, Moldovaya, Gürcüstana məhz guya “Rusiya ilə birgə olmaq istəyənləri qorumaq üçün” müdaxilə etdiyini dəfələrlə açıq şəkildə bəyan edib. Eyni üsulla bu gün Qazaxıstan da təhdid edilir. Odur ki, bütün MDB ölkələrinin Rusiyanın bu “siyasətindən” və Estoniyanın təcrübəsindən nəticə çıxarması zəruridir.../azpolitika.info