Rəsmən təsdiqləndi: Putin “Oreşnik”i bu ölkəyə yerləşdirəcək

Rusiya prezidenti Vladimr Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında hərbi əməkdaşlıq mövzusunda görüş baş tutub.

Danışıqlara əsasən, hərbi əməkdaşlıqda mühüm addımlardan biri 2025-ci ildə Belarus ərazisində “Oreşnik” raket sisteminin yerləşdirilməsi olacaq.

Bu kompleks hipersəs döyüş başlıqları ilə təchiz oluna bilən orta mənzilli ballistik raketdir. Lukaşenkonun bu növ silahların tədarükü ilə bağlı müraciətindən sonra Putin raket sistemlərinin yerləşdirilməsini “mümkün” adlandırıb.

O qeyd edib ki, bu, “Oreşnik” istehsalının artması ilə baş verə bilər. Bu qərar silahlarını müttəfiq dövlətlərdə yerləşdirən ABŞ-ın strateji yanaşmasına bənzədilib.

Qeyd edək ki, Rusiya və Belarusun müdafiə nazirlikləri daha əvvəl ikitərəfli əməkdaşlıq planı imzalayıblar. Bu plan 2027-ci ilə qədər 160-dan çox birgə fəaliyyətin həyata keçirilməsini nəzərdə tutur.

Bu ilin oktyabrında Rusiya və Belarusun birgə qoşun qruplaşmasının yaradılması haqqında da razılıq əldə olunub. Lukaşenko vurğulayıb ki, Belarus öz ərazisinə xeyli sayda Rusiya hərbi qulluqçusunu qəbul etməyə hazırdır./publika.az