Ərinin ölümünü sifariş verən qadını məhkəmədə tanıdı... - QƏTLDƏ İTTİHAM OLUNAN ŞƏXSDƏN ŞOK İFADƏ

Ərinin qətlini sifariş verməkdə ittiham olunan Əzizə Seyidova, qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi keçirilən iclasda təqsirləndirlən Elnur Əliyev ifadə verib.

O, ifadəsində hadisədən xəbəri olmadığını deyib: "Savadım yoxdur, dedilər ki, qol çək, hər şey yaxşı olacaq. Mehdi Rusiyadan gələndə mən və Bəxtiyarla eyni şirkətdə işə girdi. Sonradan Mehdi maşın götürdü taksi kimi istifadə edirdi. Həmişə Bəxtiyar, Mehdi və mən işdən sonra oturub yemək yeyərdik. Bir gün də gəldilər maşınla məni götürdülər. Kafeyə doğru gedəndə yolunu dəyişdi. Soruşdum ki, hara gedirsən? Dedi ki, Bəxtiyar bilir, sənə də deyim. Hadisəni mənə də danışdı. Danışana qədər Maştağaya çatdıq. Mehdi dedi ki, Bəxtiyarla sən qıraqda durun mən söhbət edib gəlirəm. Maşından düşəndə bıçaq götürdüm. Bıçaq maşının sağ qapısında idi. Sonradan Mehdi qaça-qaça bizə tərəf gəlirdi. Adam qışqırırdı ki, məni öldürürlər. Kömək eləməyə yaxınlaşanda həmin şəxs, yəni Əli söyüş söydü. Mən də əsəbləşib cibimdən bıçağı çıxarıb 4-5 dəfə ayağından vurdum. Sonrasını bilmədim ki, Bəxtiyar vurdu, ya Mehdi. Qaçanda kameraya düşdük. Ölən şəxsi heç tanımırdım. Məni tutanda dedilər 3 nəfər saxlanılıb, axırıncı sənsən. Dedim axı biz elə 3 nəfər olmuşuq. Əzizəni məhkəmədə tanıdım".

Təqsirləndirilən Elnur Əliyev ittihamla razı olmadığını deyib: "Əgər əvvəlcədən öldürmək fikrimiz olsa, gedib ərazini araşdırardım. Təkcə ora getdiyimə görə özümü günahkar bilirəm".

Məhkəmə prosesi iyunun 7-də davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, hadisə keçən il martın 16-da Sabunçu rayonunda baş verib. Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı - 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elvin Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilib./apa