Misir Mərdanov: “Hər il minlərlə qabiliyyətli azərbaycanlı gənc test imtahanlarından qaçaraq xarici ölkələrə gedir”
“Təhsilimiz şəxsiyyət yönümlülükdən imtahan yönümlülüyə keçib, bunlar təhsil sisteminə, məktəbə və müəllimə olan inamı sarsıdır”
Azərbaycanın keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov “AzPolitika”-ya geniş müsahibəsində elm və təhsil sahəsində mövcud problemlər, onlardan çıxış yolları, nazir işlədiyi dövrdə baş verən olaylar və hazırda çalışdığı sahədə qarşılaşdığı çətinliklər, eləcə də digər aktual mövzularla bağlı sualları cavablandırıb.
Müsahibəni oxucularımıza təqdim edirik:
- Misir müəllim, müsahibə üçün təşəkkür edirik. Əvvəlcə rəhbərlik etdiyiniz Riyaziyyat və Mexanika İnstitutu haqda sualımız var. Bu qurumun fəaliyyətində hansı yeniliklər və töhfələr olub?
- Riyaziyyat və Mexanika İnstitutu Azərbaycan Milli Elmlər Akademiyası ilə yaşıddır desək, yanılmarıq. Ölkəmizdə müasir riyazi tədqiqatlarla məşğul olan ilk akademik riyaziyyat özəyi 1942-ci ilin aprel ayında SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Fizika sektorunda təşkil edilmişdi. 1940-cı ildə namizədlik dissertasiyası müdafiə edərək, Tiflisdən Bakıya gəlmiş Zahid Xəlilov onun yeganə riyaziyyatçı əməkdaşı olub. 1943-cü ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının nəzdində müstəqil Riyaziyyat sektorunun yaradılması ilə riyaziyyat sahəsində elmi tədqiqat işlərinin aparılması istiqamətində daha mütəşəkkil və məqsədyönlü tədqiqatlara başlanılıb. 1945-ci ilin oktyabr ayında Fizika və Riyaziyyat sektorlarının bazasında Fizika və Riyaziyyat İnstitutu yaradıldı. Bu instituta 1945-1950-ci illərdə Həbibulla Əmirxanov, 1950-1957-ci illərdə isə Zahid Xəlilov rəhbərlik edib. İnstitut 1959-cu ildə müstəqil qurum kimi fəaliyyətə başlayıb. Ölkəmizdə müasir riyaziyyat elminin əsası Zahid Xəlilov, İbrahim İbrahimov və Əşrəf Hüseynov tərəfindən qoyulub. Allah hər üçünə rəhmət eləsin. Bu sırada professor Maqsud Cavadovun adını da xüsusi qeyd etmək lazımdır. O, 1930–40-cı illərdə Azərbaycanın riyaziyyat elminin və təhsilinin əsasını qoyanlardan biridir. Universitetdə bizə dərs deyib, böyük alim, elm və təhsil təşkilatçısı, yüksək səviyyəli müəllim idi. Əşrəf Hüseynov isə biz tələbə olarkən Universitetin Mexanika - riyaziyyat fakültəsinin dekanı idi. Əşrəf Hüseynov və İbrahim İbrahimovun böyük sovet alimləri Keldış, Bernşteyn, Kolmoqorov, Tixonov və başqaları ilə sıx əlaqələri var idi. Zahid Xəlilov elmi fəaliyyətinə Gürcüstanda başlayıb və orada akademik Musxelişvilinin rəhbərliyi ilə elmi tədqiqatlara başlayıb. Sonradan Bakıya gəlib Universitetdə kafedra müdiri vəzifəsində işləmişdi.
- Sizin rəhbərliyiniz dövründə İnstitutun fəaliyyətində hansı yeniliklər olub?
- 2013-cü ilin bir may tarixindən instituta rəhbərlik edirəm. Artıq 12 il keçir. Ondan əvvəl 15 il təhsil naziri olmuşam, daha əvvəl isə nazir müavini, Universitetin rektoru və prorektoru vəzifələrində çalışmışam. Bu vəzifələr insanın ciddi elmi tədqiqatla məşğul olmasına xeyli mane olur. Amma həmin dövrdə vaxtaşırı elmi məqalələrim, kitablarım dərc olunub. Yeni iş yerinə uyğunlaşmaq o qədər də çətin olmadı. Ona görə ki, burada çalışanların əksəriyyətini əvvəldən tanıyırdım, bəziləri mənim tələbələrim, bəziləri isə müəllim yoldaşlarım idi. Onu da qeyd edim ki, müstəqilliyin ilk illərində digər müəssisələrdə olduğu kimi, burada da institut əməkdaşlarının iş intizamı pozulmuşdu. Bu baxımdan onların vaxtlı-vaxtında işə gəlmələri və verilən tapşırıqlara məsuliyyətlə yanaşmaları istiqamətində müəyyən addımlar atdıq. Açığını deyim ki, ilk aylarda institut əməkdaşlarının bəziləri mənim hər gün səhər tezdən işə gəlib və axşama qədər işdə oturmağıma qəribə baxırdılar, çünki belə rejimdə işləməyə alışmamışdılar. Amma mən hesab edirəm ki, dövlət məni bu vəzifəyə təyin edibsə, bu işə məsuliyyətlə yanaşmalıyam.
İlk addımlarımdan biri institutda çap olunan jurnallarla bağlı oldu. Mən gələndə institutda üç jurnal nəşr olunurdu - “Elmi Əsərlər”, “Azərbaycan Riyaziyyat Jurnalı”, Azərbaycan Elmlər Akademiyasının Fizika-Texnika və Riyaziyyat elmləri seriyasının “Xəbərlər” jurnalları. Hər üçünün baş redaktoru bir nəfər idi. Qısa müddətdən sonra İnstitutun “Elm Əsərlər” jurnalının baş redaktoru özüm oldum, digər jurnallara isə yeni redaktorlar təyin etdim. Sonra məlum oldu ki, bu jurnallara təqdim olunan məqalələr mütəxəssis tərəfindən elmi resenziyadan keçirilmədən dərc olunurmuş. Vaxtımı çox alsa da nüfuzlu elmi jurnalların hazırlanması qaydaları ilə yaxından tanış oldum. Məlum oldu ki, jurnala təqdim olunan hər bir məqaləyə ən azı iki mütəxəssis tərəfindən rəy verilməli, sonra isə redaksiya heyətində müzakirə olunaraq nəşr edilməlidir. Biz bu prosesi sistemli şəkildə tətbiq etməyə başladıq. Nəticədə, bir neçə il keçdikdən sonra hər üç jurnal "Scopus" kimi nüfuzlu beynəlxalq elmmetrik bazaya daxil oldu. Bu, bizim ilk ciddi uğurumuz idi. Müəyyən müddətdən sonra həmin jurnalların ikisi daha yüksək elmmetrik bazaya – Web of science bazasına daxil oldu.
Diqqət yetirdiyim ikinci sahə institutun nəzdində fəaliyyət göstərən dissertasiya şurası ilə bağlı oldu. Burada çox ciddi problemlərlə qarşılaşdım. Əsas problem ondan ibarət idi ki, elmi rəhbərlər, dissertasiya işlərinə rəy yazanlar və hətta rəsmi opponentlər bu vacib məsələyə məsuliyyətsiz yanaşırdılar. Əsas çətinlik ondan ibarət idi ki, insanlar bir-birini tanıyır və əsassız güzəştlər, “yaxşılıq” etmək istəyirdilər. Nəticədə sədri olduğum müdafiə şurasından keçən işlərin içərisindən bir neçəsi Ali Atestasiya Komissiyası (AAK) tərəfindən geri qaytarılırdı. Müəyyən müddət keçəndən sonra qərara gəldim ki, müdafiəyə təqdim olunmuş hər bir işi gizli rəyə göndərim. Gizli rəydən müsbət cavab aldıqdan sonra digər prosedurları davam etdirim. Son bir ildə müdafiə üçün altı iş təqdim olunub, onların hər birinə mənfi rəy gəldiyinə görə müdafiə prosesi dayandırıldı. Bu sahədə çətinliklərdən biri də rəyçilərə ödəniş edilməməsi və obyektiv rəyçilərin az olması ilə bağlıdır.

- Bu obyektiv yanaşmadır?
- Bəli, düşünürəm ki, indiki halda bu, ən obyektiv yanaşmadır. Riyaziyyat üzrə dissertasiya müdafiə edənlərin sayına heç vaxt plan qoyulmayıb. Hesab edirəm ki, hər hansı bir elm sahəsində elmlər doktoru və ya elmlər namizədi olmaq üçün bu sahənin alimləri səni yaxşı tanımalı və qəbul etməlidir. Burada tələsikliyə yol vermək olmaz. Nə qədər ki, bu şuranın sədriyəm sözümün arxasındayam. Bu problemlərlə əlaqədar xahiş edənlər, təsir göstərmək istəyənlər də olur. Ancaq mən demişəm rəy müsbət gəlsə, buyursun, müdafiə etsin. Üçüncü əsas işimiz elmi seminarlarla bağlıdır. İnstitutda ənənəvi olaraq hər həftənin üçüncü günü Ümuminstitut elmi seminarı keçirilir. Bu seminarlarda ölkənin tanınmış alimləri ilə yanaşı xaricdə yaşayan alimlər elmi məruzələr edirlər.
Dördüncü vacib işlərdən biri riyaziyyat və mexanika sahəsində elmi məqalələrin necə hazırlanması və onların nüfuzlu jurnallarda çap olunmasıdır. Son illərdə bu istiqamətdə qazanılmış uğurlar çoxdur.
- Hazırda İnstitutda neçə nəfər əməkdaş çalışır?
-Hazırda İnstitutda 180 nəfər çalışır, onlardan 117 nəfəri elmi işçi, qalanları isə köməkçi heyətə daxildirlər.
- Əməkdaşların əməkhaqları qaneedici səviyyədədirmi?
- Əməkhaqqı məsələsi ən ciddi problemdir. Məsələn, mənim aylıq əmək haqqım 1370 manatdır, digərlərinin əmək haqqı 600 -900 manatdır. Professorların maaşı 1000 manata yaxındır. Aydındır ki, bu maaşla heç bir alim ailə dolandıra bilməz, ona görə də onlara qanunvericiliyin tələbinə uyğun olaraq digər müəssisələrdə yarım ştat işləməyə imkan verilir.
Onu da qeyd edim ki, son bir ildə Elm və Təhsil Nazirliyi çox vacib və müsbət bir qərar qəbul edib. Nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrə görə alimlərə aylıq mükafatlar verilir. A, B, C kateqoriyalı sistem formalaşıb. A qrupuna düşən alimə ayda 1300 manat, B qrupuna görə 1000 manat, C qrupuna görə isə 650 manat əlavə ödəniş edilir. Təbii ki, bu məqalələr nüfuzlu bazalarda yer alan jurnallarda çap olunmalıdır. Bu sahədə institutumuz ilk sıralardadır. Məsələn, son aylarda 30-dan çox əməkdaş bu mükafata layiq görülüb. Nazirliyin bu addımı elmə olan marağı artırıb və alimlərimizin nüfuzlu elmmetrik bazalara daxil olan jurnallarda çap olunmuş məqalələrinin sayı xeyli artıb.

- Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra İnstitutda keyfiyyət baxımından hansı dəyişikliklər olub?
- Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra açığı, keyfiyyət baxımından yuxarıda dediyimdən başqa hələlik ciddi bir dəyişiklik olmayıb. Cənab Prezident optimallaşdırma ilə bağlı sərəncam imzalamışdı. Həmin qərara əsasən Riyaziyyat və Mexanika İnstitutu ilə İdarəetmə Sistemləri İnstitutunun bazasında yeni Riyaziyyat institutu yaradılmalıdır. Bundan sonra Nazirlər Kabinetinin sərəncamı oldu və bu sərəncamın icrası ilə bağlı qərar gözlənilir. Hazırda hamı gözləmə mövqeyindədir.
- Sizcə, elmə ayrılan büdcə niyə azdır?
- Bu suala cavab vermək çox çətindir.
- Nazir Emin Əmrullayev bu günlərdə deyib ki, indiki problemlər 20 il əvvəl yol verilən nöqsanlarla bağlıdır. Söhbət elm və təhsildəki hansı nöqsanlardan gedir? Nazir 20 il əvvəlki neqativ hallar deyərkən, layiq olmayan şəxslərin elm, təhsil sahəsinə gətirilməsini, diplomların rüşvətlə verilməsini nəzərdə tutur...
- Emin Əmrullayevin "indiki problemlərin səbəbi 20 il əvvəl yol verilən nöqsanlardır" fikri ilə bağlı sualınıza gəlincə qeyd etmək istəyirəm ki, bu məsələni nazirlə müzakirə etmişik. Dediyinə görə, jurnalistlər onun fikrini təhrif ediblər. 20 il əvvəl ölkəmizdə bütün sahələrdə, o cümlədən təhsil sahəsində də çox ciddi problemlər var idi. Azərbaycanda 50-dən çox özəl universitet var idi. O zaman ümummilli lider məni nazir təyin edəndə demişdi ki, bu sahədə nizam-intizam yaratmaq lazımdır. Mənə qədər həmin universitetlər artıq fəaliyyətə başlamışdılar, onlara lisenziya verilmişdi. Amma mənim nazirliyim dövründə onların sayı 12-yə endirildi. Bu, çox çətin idi. Çünki hər birinin arxasında nüfuzlu və imkanlı şəxslər dayanırdı. Onlara qarşı mübarizə aparmaq asan deyildi, amma biz bu sayı minimuma endirə bildik. Həmin universitetləri bitirənlərin diplomlarının qanunsuz olması ilə bağlı konkret qərar yox idi. Biz qərara gəldik ki, diplom yalnız TQDK-nın yolu ilə qəbul olunan tələbəyə verilsin. O vaxtlar bəzi universitetlər özləri imtahansız tələbə qəbul edirdilər. Eyni zamanda, o dövrdə Qərbi Azərbaycandan təxminən 300 min insan köç etmişdi. Onların içində müəllim də vardı, şagird də. Onların yerləşdirilməsi məsələsi asan deyildi. Həmçinin, Qarabağdan da 700 minə yaxın insan məcburi köçkün düşmüşdü.
Hesab edirəm ki, bu gün yaranmış imkanlardan səmərəli istifadə etməli, problemlərin həlli üzərində dayanmalıyıq. Yoxsa keçmişə dönüb kiminsə günahını axtarmaqla heç nəyə nail olmaq olmaz.
“Müəllimi 60-65 yaşdan sonra məktəbdən ayırmaq doğru deyil”
- Misir müəllim, bizim saytın baş redaktorunun müavininin atası riyaziyyat müəllimidir. Onun sözlərinə görə, Misir müəllimin orta məktəb üçün riyaziyyat kitabları tədris üçün çox keyfiyyətli, asan, səlis izahlı dərs vəsaiti idi. Amma indi tədrisdə onlardan istifadə olunmur. Hazırkı kitablar isə olduqca çətindir, uşaqlar da müəllimlər də əziyyət çəkirlər. Sizin dərslikləri orta məktəblərdən niyə yığışdırdılar?
- Mənim təhsil naziri işlədiyim dövrdə Azərbaycan müstəqilliyini təzə əldə etmişdi və bir sıra çətinliklər var idi. Biz bir neçə il keçmiş SSRİ-nin qayda-qanunları ilə işləmişik. Təzə qaydalar yox idi. Bir qrup yaratdıq, təzə qaydalar hazırlandı. O zaman kitabların bir çoxu Moskvada hazırlanır, buraya gətirilib tərcümə olunurdu. Müstəqillikdən sonra yeni əlifbaya keçmək ayrı bir çətinlik idi. Müstəqil Azərbaycanın elm adamlarının dərs vəsaiti hazırlaması da digər bir problem idi. Heç kimə asan gəlməsin, dərslik hazırlamaq çox çətindir. Biz qərara gəldik ki, dərsliyi hazırlamaqda əsas gücü bu fənni tədris edən yaxşı müəllimləri cəlb etməyə yönəldək. Riyaziyyat sahəsində biliyi, bacarığı olan müəllimlər axtardıq. Eyni zamanda, bir alim də olmalı idi ki, dərsliklərdə elmi səhvlər olmasın. Məsələn, indi bizim institutun əməkdaşı olan tanınmış alim Sabir Mirzəyev bizə çox kömək etdi. Professor Məmməd Yaqubovun da köməyi çox oldu. Bir neçə il ərzində bütün dərslikləri milliləşdirə bildik. Dərsliklərin çapı və məktəblərə paylanması da sadə məsələ deyildi. Bi neçə ildən sonra qərara gəldik ki, dərslikləri Dünya Bankının tələblərinə uyğun hazırlayaq və çap edək. Tender keçirəndə əvvəllər dərslik çap edən nəşriyyatların bəziləri kənarda qaldı. Onlarınsa arxasında böyük adamlar dayanırdı. Həmin şəxslər bizə xeyli problemlər yaratdılar. Bütün maneələrə baxmayaraq biz dərslikləri çap etdirib məktəblərə payladıq. Bu kitablardan sonra niyə istifadə olunmadı? Bax, bu sualın cavabını mən bilmirəm.
– Hazırki dərsliklərin səviyyəsindən razısınızmı?
– Bunu deyə bilmərəm. Çünki onları incələmək imkanım yoxdur.
– Amma hər halda, sizin dərs vəsaitlərinin istifadə olunmamasından yəqin ki, təəssüflənirsiniz...
– Açığı, vaxtında etdik, istifadə də olundu. Təki indiki dərsliklər daha yaxşı olsun. Siz indi dərslik haqda danışırsınız. Həmin dövrdə başqa daha ciddi problemlər də var idi. Yeni məktəb binalarının tikintisi və əsaslı təmiri, onların müasir avadanlıqlarla təmin olunması, uşaq bağçalarında həmin problemlərin həlli və sair. Ona görə də kim nə deyir desin, mən 15 il nazir vəzifəsində işləyərkən imkanım daxilində ölkəmizdə təhsilin inkişafı üçün əlimdən gələn hər şeyi etməyə çalışmışam.
Yadımda qalan bir məsələni də qeyd etmək istərdim: biz hər il ilin ən yaxşı 100 müəllimini və 50 ən yaxşı məktəbini seçirdik. 100 ən yaxşı müəllimin hər birinə 5000 manat, 50 ən yaxşı məktəbin hər birinə 10000 manat pul mukafatı verirdik. Çalışırdım ki, bu seçimdə heç bir neqativ hala yol verilməsin. Hər il müəllimlər günündə Cənab Prezidentin Sərəncamı ilə 100-ə yaxın müəllimə əməkdar müəllim fəxri adı verilirdi. Bu yaxınlarda bir müəllim mənə yaxınlaşıb deyir ki, sənə bu qədər pul borcluyam. Deyirəm nədən? Deyir, mən əməkdar müəllimliyə görə ayda 150 manat alıram. Onu sən vermisən. Dedim onu mən yox, cənab Prezident verib. Mən sadəcə, təşəbbüs göstərmişəm.
– Hazırda müəllimlərin işə qəbulu haqda məlumatınız var. Pedaqoji təhsil almış kadrın təzədən imtahan edilməsi nə dərəcədə doğrudur?
– Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallarına baxıram, çox narahat oluram. Üzümü tuturam o sualları yazanlara: hesab edin ki, o sualı övladınıza verirsiniz. Hər bir sualda hökmən bir xüsusi yanaşma işlətməlisən ki, onu həll edəsən. Yadına düşməsə, edə bilməyəcəksən. Belə suallar vermək olmaz... Hər bir sual imtahan üçün öyrədici xarakter daşımalıdır. Bizim institutda da "bunker müəllimləri" var. Onlara dəfələrlə demişəm ki, məktəblərdə verdiyimiz biliyə uyğun suallar hazırlayın ki, uşaq da cavablandıra bilsin. Təəssüf ki, bunu etmirlər. Hər il minlərlə qabiliyyətli azərbaycanlı gənc bu test imtahanlarından qaçaraq xarici ölkələrə gedir. Ən qabiliyyətlilər. Niyə? Çünki belə imtahanlar var...
– Test sisteminin əleyhinəsiniz?
– Bizdə keçirilən formada hər zaman əleyhinə olmuşam. Dünyanın hər yerində ali məktəbə qəbul olmaq üçün 2 fəndən imtahan verilir: riyaziyyat və dildən. Görün, bizdə neçə fəndən imtahan verilir. Mən vaxtilə BDU-da kimya fakültəsinin birinci kursunda təhsil alan tələbələrdən soruşdum ki, sizlərdən kim ərizəsində yazıb ki, kimya fakültəsinə qəbul olunmaq istəyir? Təsəvvür edin, 100 nəfərdən yalnız 5-i dedi ki, mən kimyaçı olmaq istəyirəm, qalanları isə həkim olmaq istəyirmiş, kimya fakültəsinə qəbul olub… Ümumiyyətlə, hesab edirəm ki, hər bir imtahan abituriyentin bilik və bacarığını qiymətləndirməklə yanaşı onun ümumi inkişafına xidmət etməlidir.
– Şagirdlə üzbəüz imtahan götürmək yaxşıdırmı?
– Mənə elə gəlir ki, bizim universitetə qəbul olduğumuz vaxtlarda daha ədalətli və şəffaf qəbul imtahanı prosesi mövcud idi, hətta biz riyaziyyatdan şifahi imtahanı yazı taxtası qarşısında vermişik, heç bir kağız-qələm işlətmədən. Sonralar vəziyyət mənfi tərəfə xeyli dəyişdi.

– İnsan faktoru, rüşvət, digər neqativ hallar var idi amma...
– Bu işin içərisində olan şəxslərin fikrinə görə neqativ hallar indidə var. Bir daha qeyd etmək istəyirəm ki, 1950-1970-cii illərdə ali məktəblərə qəbul daha ədalətli idi. O səbəbdən də Azərbaycanın adını dünyaya tanıdan böyük alimlər yetişdi. Onda da bizim gözümüz istedadlı uşağı axtarırdı – biliyi olan adamı.
Mən bura təzə gələndə o illəri yadıma saldım, 1970-ci illərdə dekan müavini idim. Belə bir qayda var idi ki, ali məktəblərə qəbul olmaq istəyənlərlə söhbət aparaq, sadə misallar verirdim onlara, bu suallara cavab verə bilməyənlərin sənədini qəbul etmirdik. O zaman bir cavan uşaq gəldi. Haradan dedimsə, cavab verdi. Dekan gəldi, dedim ki, belə bir uşaq var. Qərara gəldi ki, onu Moskvaya göndərək. İndi o gənc dünyanın ən nüfuzlu riyaziyyatçılarından biridir.
– Kimdir?
– Mübariz Qarayev. Füzulidəndir. Hazırda Meksikada çalışır. Belə istedadları həmişə axtarmışıq, bu gün də axtarırıq. Ancaq təəssüf ki, indi belə gənclərə az rast gəlirik. Çünki əksəriyyəti qaçır bu test imtahanlarından. Bir gündə bir uşaq neçə müəllimin yanına gedə bilər? Mənim nəvələrim orta məktəbi bitirəndə mənim kimi bir babaları olmasaydı, sağlamlıqlarını itirərdilər. Bir tərəfdən də məsuliyyət yükü var ki, “mənim babam naziridir, birdən gedib pis qiymət alaram...” Axırda nəvəm dedi: “Mən o testin sualına cavab verənə qədər düşünürdüm ki, bilməsəm, sənin yanına necə gələcəm”. Yəni, uşaq da belə vəziyyətdə qalırdı.
– Son dövrlərdə ekspertlərin DİM-ə qarşı tənqidlərinin artdığını görürük. Necə dəyişməlidir DİM-in fəaliyyəti?
– Məncə, ilk növbədə imtahanlarda verilən suallar orta məktəb şagirdlərinin səviyyəsinə uyğun olmalıdır. Bəlkə də bu, repetitorluğun heç olmasa bir az azalmasına səbəb ola bilər.
– Repetitorluğa ehtiyac yaradan təkcə budur?
– Ən ciddi məsələ odur ki, məktəb və ayda 500-700 manat alan müəllim bu gün “bunker” müəllimlərinin hazırladığı suallara cavab verə biləcək şagird hazırlaya bilmir. Nazir özü də deyir ki, repetitorluq sistemi yaranıb və məktəb də, müəllim də hörmətdən düşüb.
– Bunun təməl səbəbini imtahan sistemində görürsünüz?
– Bəli, əsas səbəb budur. İmtahan sistemi məktəbi sıradan çıxarıb, axı uşaq bir ildə neçə dəfə imtahan verə bilər? Açığını deyim ki, indi bizim təhsilimiz şəxsiyyət yönümlülükdən imtahan yönümlülüyə keçib. Bütün bunlar təhsil sisteminə, məktəbə və müəllimə olan inamı sarsıdır. Məktəb müəlliminin nüfuzu get-gedə aşağı düşür.
Bizim problemlərimizdən biri də ondan ibarətdir ki, təhsil sahəsində uğuru olan ölkələrin təcrübəsini ölkəmizdə tətbiq etməyə çalışırıq. Yaxşı xatırlayıram, Ulu öndər Heydər Əliyev həmişə mənə tapşırırdı ki, təhsil sistemi elə bir sahədir ki, orada hər bir yenilik inqilabi yolla deyil, təkamül yolu ilə həyata keçirilməlidir. Heç bir ölkənin təhsil sistemini gətirib Azərbaycanda qurmaq olmaz, bizim özümüzə məxsus
ənənəmiz var. Mənim fikrimcə, təhsildə hər hansı müsbət təcrübəni tətbiq etməzdən əvvəl, məktəb və müəllimlərlə yanaşı bütövlükdə cəmiyyəti bu təcrübənin tətbiqinə hazırlamaq lazımdır.
– Sizcə, kurikulum özünü doğruldubmu?
– Mənə belə gəlir ki, bu istiqamətdə çox ciddi işlər görülüb və onları davam etdirmək lazımdır. Bu anlayış ölkəmizə mənim nazir vəzifəsində işlədiyim dövrdə gəlib. Əslində, kurikulum geniş mənada “Təhsil proqramı” kimi də başa düşülə bilər.
– Müəllimləri 65 yaşda təqaüdə göndərirlər. Bu nə dərəcədə doğrudur?
– Bu qərar mənim nazir olduğum dövrdə verilib. Ancaq mənə elə gəlir ki, bütün həyatını müəllimliyə həsr etmiş və bu gün də öz vəzifəsini uğurla davam etdirən insanları 60-65 yaşdan sonra məktəbdən ayırmaq doğru deyil. Lakin burada nazirliyi də günahlandırmaq olmaz, çünki, qanuna əməl edilməlidir. Hesab edirəm ki, qanunun bu bəndinə yenidən baxılsa yaxşı olar, 60-65 yaş insanın ən müdrik olduğu vaxtdır. Bayaq dediniz müəllimlərin sertifikasiyası... Müəllimlərə verilən suallara baxıram, sözün düzü, əsəbiləşirəm. O sualları kimlər hazırlayır? Onların özləri bu suallara cavab verə bilərlərmi? Suallar təhsilin inkişafına xidmət edirmi?
Əlbəttə, mən onun da tərəfdarı deyiləm ki, bəzilərinin dediyi kimi, “Azərbaycan Pedaqoji Universitetini bitiribsə, niyə ondan imtahan götürürsünüz?” Bu sualla razı deyiləm. Tələblər hər gün artır, dəyişir. Dünyada təhsil sistemi ciddiləşir. Müəllim hər gün bilik və bacarığını artırmalıdır.
– Misir müəllim, “Ali təhsil haqqında qanun” niyə qəbul edilmir?
– Dedilər olacaq. Elm haqqında qanuna da dəyişiklik olacaq.
– Sizin məşhur bir çıxışınız var, hələ də xatırlanır. Müəllimlərin maaşı haqda demişdiniz ki, “mən də olsam, bu maaşa müəllim işləmərəm”. İndi müəllimlərin gəliri qənaətbəxşdirmi?
– Müəyyən qədər artıb. Əsas direktorların maaşı normal səviyyəyə qalxıb. Mən uzun müddət çalışdım buna. Müəllimlərin maaşı da artıb, hesab edirəm ki, imkan olduqca bu məsələyə qayıdılmalıdır.
– Bu maaşlar ölkənin imkanları ilə uyğun gəlirmi?
– Bu maaşla müəllim ailəsini dolandıra bilməz. Müəllimə yaxşı maaş verilsə, kişilər məktəbə gələr, dərs deyər. Bu gün problemlərdən biri də müəllimlərin 90 faizinin qadın olmasıdır. Düzdür, müəllimlərin qadın olması yaxşıdır, amma 90 faiz yox. Heç olmasa, 30 faiz müəllim kişi olsa daha yaxşı olar. Mən düşünürəm ki, bir az dözümlü olmaq lazımdır. İnşallah Qarabağımız qurulsun, ölkəmizin siyasi və iqtisadi gücü artsın, yaxın illərdə hər şey daha yaxşı olacaqdır.
– Təhsil nazirinin rayonlarda 1500-dən artıq məktəbin şagird azlığı ucbatından bağlanmaq təhlükəsi ilə üzləşdiyi barədə çıxışı cəmiyyətdə xeyli müzakirə olundu. Əlbəttə, bu, birbaşa təhsil problemi də deyil. Urbanizasiya, kəndlərin boşalması, sosial çətinliklər və s. amillər var. Bu barədə nə düşünürsünüz?
– Mənim nazir vəzifəsində işlədiyim dövrdə Dünya Bankı tərəfindən qarşımıza qoyulan məsələlərdən biri də ölkə üzrə hər müəllimə düşən şagird sayı, yəni, sistemin rasionallaşdırılması idi. Qəbul etmək lazımdır ki, bu birbaşa təhsilin keyfiyyətinə təsir edən amildir.
Bir var məktəbdə 500 şagird var, bir də var 15... O dövrü yaxşı xatırlayıram: İsmayıllının Zərgəran kəndində məktəb tikdirmişdik, sonra şagird azlığı səbəbindən məktəb bağlandı. Şagirdlər qonşu kənddəki məktəbə getməli oldular. İsmayıllının Basqal kimi böyük kəndində şagirdlərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalmışdı. Şərait yaratmaq lazımdır ki, insanlar getsin kənddə işləsin, yaşasın. 5-10 şagirdi olan məktəbi saxlamaq düzgün deyil. Amma birdən-birə 1500 məktəbin bağlanması da doğru olmaz. Çünki orada ən azı 2500 müəllim çalışır.
– İndi regional təhsil idarələri yaradılıb. Bəzən onlara edilənrəhbər təyinatlarına baxırıq, təhsilə aidiyyətləri yoxdur…
-Hesab edirəm ki, regional təhsil idarələrinin rəhbərləri və məktəb direktorları bu sahədə təcrübəsi, biliyi və bacarığı olmaqla yanaşı həmin bölgədə nüfuzu olan şəxslər içərisindən seçilsə daha yaxşı olar.

– Universitetin hazırladığı kadrlar və onların əmək bazarında yerləşdirilməsi ilə bağlı ciddi problemlər. Statistika göstərir ki, təkcə BDU-nun məzunlarının 50 faizi iş tapmayıb, iş tapanların isə 70 faizi 400 manatlıq işlərdə çalışır. Bu, ciddi problemdir. Ali təhsil var, amma onun əmək bazarı ilə əlaqəsi düzgün qurulmayıb, məzunların hələ də iş və karyera qurmaq kimi ciddi problemləri var, onlar həll olunmalıdır...
– Bu sahədə ciddi addımlar atılmalıdır. Mən ailə bazarlığını özüm edirəm, bu məqsədlə Keşlə bazarına gedirdim... Bir dəfə bazarlığım çox idi, bir gənc araba ilə gəldi ki, kömək etsin. Dedim, ay oğul haranı bitirmisən? Dedi, Sumqayıt Dövlət Universitetini. Əlbəttə, bu cavabı heç gözləməzdim. Vaxtilə bəziləri hələ o dövrdə mənimlə razılaşmırdılar. Mənə deyirdilər ki, dünyada hər 10 min nəfərə düşən ali təhsilli insan sayına görə Azərbaycan geridədir. Mənə elə gəlir ki, ali məktəblərdə tələbə sayını artırmaqla fəxr etməməliyik. Biz keyfiyyəti artırmaqla fəxr etməliyik, oranı bitirənlərin harada çalışması ilə maraqlanmalıyıq. Biz instituta qəbul olanda 50 nəfər qəbul olmuşduq, 30-a yaxın adam bitirdi. Fikrimcə çıxışa qoyulan məhdudiyyətlər, girişə qoyulan məhdudiyyətlərdən artıq olmalıdır.
– Təhsil haqları barədə nə deyə bilərsiniz? Təkcə ötən il 9 minə yaxın tələbə həm də təhsil haqqını ödəyə bilmədiyinə görə, təhsilini yarımçıq qoyub. Bu da təhslin bütün vətəndaşlar üçün əlçatanlığını azaldır...
– Çox pis. Bəlkə də neçə-neçə qabiliyyətli uşaqlar kənarda qalıb. Hesab edirəm ki, təhsil hər bir azərbaycanlı üçün əlçatan olmalıdır.
– Misir müəllim, özəl orta məktəblərdə təhsil haqqı kifayət qədər bahadır, ildə 15–20 min manata.
– 15–20 min?
– Bəli, hətta 30 minə olanlar da var.
– Məsələn?
– Azərbaycan Beynəlxalq Təhsil Məktəbi, “Bakı Oxford Scholl”, Avropa Azərbaycan Litseyi, “Landau” məktəbi var.
– Orada övladlarını oxudanlar var?
– Əlbəttə.
– Olmasının yanlış hal olduğunu hesab etmirəm. Amma əsas olan dövlətin maliyyələşdirdiyi sistem olmalıdır. Dövlət məktəblərinin səviyyəsi elə olmalıdır ki, vətəndaş gedib özəl məktəbə pul verməyə ehtiyac duymasın. İkincisi, özəl məktəblərdə təhsil haqqının o qədər yüksək olduğunu ilk dəfə sizdən eşidirəm. Kim 30 min manat verə bilər? Belə çıxır ki, Azərbaycanın 1–2 faizi orada təhsil ala bilər.
– Bir neçə sualım da başqa mövzularla bağlıdır. Sizin nazir olmaq üçün təqdimatınızı Prezident Heydər Əliyevə kim vermişdi?
– O zaman BDU-da rektor vəzifəsində çalışırdım. Bir il yarıma yaxın işlədim. Cəmiyyət tərəfindən mənim rektorluğuma müsbət qiymət verilirdi. Heydər Əliyev o dövrdə 4 dəfə BDU-ya gəlmişdi. Mən rektor olduğum dövrdə Ulu Öndərlə çox tez-tez görüşlərim olmuşdu. Belə düşünürəm ki, bunlar rol oynadı.
– Prezidentin ətrafından, nazirlərdən, PA rəhbərliyindən təqdimat verən olmamışdı?
– Ola bilər ki, kimlərdənsə mənim haqqımda soruşulmuşdu, bunu deyə bilmərəm. Nazir olmaqla bağlı bir neçə nəfərin adı çəkilirdi, o cümlədən mənim də. Bir gün dedilər ki, səni Prezident qəbul edəcək. Onda getdim, bildim ki, nazir təyin olunuram. O ana qədər xəbərim və iddiam da yox idi. BDU-da rektor olmaq mənim üçün ən böyük vəzifə idi.
– Sizin nazir olduğunuz dövrdə ölkədə çox maraqlı, qalmaqallı hadisələr olub. Məsələn, MTN şefi Eldar Mahmudovun "at oynatdığı" vaxtlar var idi. Bir çox keçmiş nazirlər deyir ki, Mahmudov onları sıxışdırıb "haqq" tələb edirmiş. Əli Abbasov, keçmiş maliyyə naziri Əvəz Ələkbərov bunu etiraf ediblər, deyiblər ki, “haqq” tələb olunub. Eldar Mahmudovla Sizin münasibətləriniz necə olub?
– Mənim heç kimlə konfliktim olmayıb. Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb. Yaş fərqimiz var idi. Onun atasını da çox yaxşı tanıyırdım, Allah rəhmət eləsin. O zaman nazirlər arasında peşəsinə uyğun adam mən idim, xeyli vaxt idi çalışırdım. Eldar Mahmudov ora 2004-cü ildə gəlib, mən isə artıq 1998-ci ildən çalışırdım. Açığı, onunla və digər nazirlərlə aramızda heç bir konfliktim olmayıb.
– Amma demisniz ki, Ramiz Mehdiyev hər zaman sizin fəaliyyətinizi qaralamağa çalışıb…
- Onun məqsədi o idi ki, hamı hər şeyi onunla razılaşdırmalı, onunla məsləhətləşməlidir.
– Ramiz Mehdiyev akademiyanın rəhbəri olanda siz institutun direktoru idiniz. Necə yola gedirdiniz?
– O AMEA-ya gələndə getdim və təbrik etdim. Uzun müddət bir yerdə çalışmışıq. Dedim ki, sizə kömək etməyə hazıram. Sonra nədənsə, kim nə etdisə, bir gün xəbər tutdum ki, bizim institutun adını dəyişmək istəyir. Məqsədi də o idi ki, məni buradan çıxarsın. Ondan sonra münasibətlərimiz pozuldu. Məni qəbul etmədi. Telefonda çox ciddi söhbətimiz oldu. Sonra da elə oldu ki, o çıxdı getdi, mən isə burada qalıb işlədim. Mən də telekanallara çıxıb bəzi məqamları demək məcburiyyətində qaldım.
– Daha sonra münasibətiniz olub?
– Xeyr.
– Keçmiş nazirlər, eləcə də indiki bəzi nazirlər vətənpərvərlikdən, dövlətçilikdən bol-bol danışsalar da hamısının uşaqları xaricdədir – Londonda, Amerikada, Fransada. Pullarını da oralara qoyurlar. Bəs Sizin uşaqlar haradadır?
– Mənim uşaqlarımın başqa yerdə nə işi var? Üç övladım var, hamısı Azərbaycandadır. Nəvələrim də buradadır.
– Hansı sahədə çalışırlar?
– Oğlum pensiya alır, polisdə çalışırdı. Böyük qızım evdar qadındır. Digər qızım isə universitetdə müəllimdir.
– Bəs oğul-uşağını xaricə çıxaranlara necə baxırsız?
– Yaxşısı budur, bu sualı onlara verəsiniz. Amma bilirəm ki, böyük əksəriyyətinin uşaqları nəinki oxuyur, həm də orada yaşayır. Mənim isə burada iki evim var: biri Novxanıda, digəri isə İsmayıllıda – Zərgəran kəndində...
E.Rüstəmli
E.Bəyməmmədli