“Rafael Xələfovla 170 min manata razılaşıb verdim” - Generalın 143 milyonluq məhkəmə işi

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Tahir oğlu Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Stopnarkotik.az unikal-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində hərbi hissələrdən birinin maliyyə bölməsinin rəisi şahid qismində dindirilib. Qeyd edək ki, ifadə verən Zeynalov Faiq Ədalət oğlu 3 hərbi hissənin maliyyə bölməsinin rəisi olub. 

İlk olaraq F.Zeynalov məhkəmədə sərbəst ifadə verib:

“Mən 2018-ci ildən 3 hərbi hissədə maliyyə bölməsinin rəisi olmuşam. Maliyyə Nazirliyi təftiş zamanı tərəfimdən 629 min manat mənimsədildiyini göstərib. Belə ki, mən hərbi hissələrdə işlədiyim dövrdə Maliyyə Nazirliyindən artıq pullar istəmişəm. Sonra hərbi hissə yandığı üçün bütün maliyyə sənədləri də yandı. 2018-ci ilin mart ayından 2019-cu ilin fevral ayına kimi işlədiyim hərbi hissədə 208 min manat mənimsədiyimi yazıblar. Ancaq reallıqda mən 20 min manat pul yemişəm. Bunun səbəbəbi də odur ki, hərbi hissələrdə ümumi dəftərxana ləvazimatlarını, əsgərlərə verilən hədiyyələridə həmin qazandığım pullarla alırdım, yəni kitaba işlənmirdi”. 

Bu zaman ayrılan pulların hərbi hissədə hansı formada qeyd olunmağına general Nizami Məmmədov aydınlıq gətirdi: “Bankdan ayrılan pullar hərbi hissənin kassasına mədaxil olurdu. Sonra hərbi hissə komandirinin əmri ilə hərbiçilərə verilən məbləğlər pul jurnalına qeyd olunurdu. Təftiş gəlib yoxladıqdan sonra bütün ödənilən məbləğlər ləğv olunurdu, ancaq hərbi hissə komandirinin pul jurnalında bütün paylanan məbləğlər qalırdı. Bir hərbi hissəyə təftiş yoxlamaya 3 zabit göndərirdim, dərin yoxlama üçün 30 gün də bəs etmirdi. Ona görə 3-4 günə yoxlayıb qayıdırdılar”.

General Nizami Məmmədovdan sonra yenidən Faiq Zeynalov ifadəsini davam etdirdi: “Misal üçün Vətən müharibəsində şəhid olan və ya yaralanan hərbçilərimizin maaşlarını poçt vasitəsilə göndərirdim. Ümumilikdə tək bir hərbi hissədən bu formada 68 min manatdan çox pul göndərmişəm. Sənədləri gətirib verdim, nəzərə aldılar. 2020-ci ilin dekabr ayında təftiş mənim 429 min manatdan çox pul mənimsədiyimi aşkar etdi. Müharibə qurtardıqdan sonra yuxarı çatan 80 min manatı Bayram Bayramova verdim, hörmət edib özünə çatan pulu götürmədi. 2021-ci ildə polkovnik Rafael Xələfov, Həsən Paşayev və İsmayıl Rəsulzadə gəlib mənim hərbi hissəmdə təftiş apardılar. Mənimsəmə aşkar edən Rafael Xələfov məni hədələyərək dedi: “Səndə külli miqdarda yeyinti var, sən terroristsən”. Məni Nizami Məmmədovun adı ilə hədələdi. Araşdırmalar zamanı məlum oldu ki, köməkçim Yasin Şahverdiyev mənim aldadıb, pulların bir hissəsini özündə olan karta vurub. Ancaq sonra nə yeyinti eləmişdisə, qaytardı qoydu yerinə. Rafael Xələfovla 170 min manata anlaşdıq, ilkin olaraq 110 min manatı Bayram Bayramovun iştirakı ilə verdim Rafael Xələfova sonra 60 min manatı Bayram Bayramova təklikdə verdim. Sonuncu işlədiyim hərbi hissədə isə 130 min manat pul mənimsəmişəm. Yaxın vaxtlarda dövlətə vurduğum ziyanı mütləq ödəyəcəm. 

Təftişdən başqa nazirliyin inspeksiya idarəsindən də yoxlama gəlirdi. Hərbi hissəyə uyğun olaraq onlarada haqq verirdi. Mənim hərbi hissəmin aylıq göndərdiyi məbləğ 20 min manat idi.  2021-ci ildən sonra köçürmələri ödənişlə etdim, nağd pul verməyi dayandırdım. Mənimsədiyim pullar barədə hərbi hissə komandirinə məlumat vermirdim”.

Şahiddən sonra təqsirləndirilən Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Bayramov 170 min manatı almaqlarına aydınlıq gətirdi: “Hərbi hissələrdən təftiş zamanı qazandığımız pulları sonra Rafael Xələfova verirdik. 170 min manatdan da general Nizami Məmmədovun xəbəri olmayıb. General bu barədə ancaq ibtidai istintaq zamanı bildi”. 

Məhkəmənin sonrakı hissəsi Süleyman Abbasovun və Həsən Paşayevin ifadələri zamanı hakimlər qərar çıxartdılar ki, proses qapalı keçirilsin.