Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Xurel kənd tam orta məktəbində “Gəncliyimizi narkomaniyadan qoruyaq”, "Erkən nikah və onun fəsadları" mövzularında maarifləndirmə tədbiri keçirilib.
Stopnarkotik.az xəbər verir ki, tədbirdə RPŞ-nin əməkdaşları, icra hakimiyyəti və mərkəzi xəstəxananın nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi, polis polkovnik-leytenantı Mövlud Əliyev narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin, cari il ərzində Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərlə mübarizə tədbirləri sahəsində görülmüş işlərdən danışılıb və müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.
Həmçinin çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru Səlahəddin Əmrullayev, şagirdlərə erkən nikahın fəsadlarından bəhs edərək onlara öz hüquqlarını bir daha izah edib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Stopnarkotik.az