Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 4 sürücü saxlanılıb. Tibbi müayinə zamanı onların marixuana, heroin və psixotrop maddə olan metamfetamin qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub. Sürücülər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Tədbir zamanı avtomobili spirtli içki qəbul edərək idarə edən daha 4 sürücü müəyyən olunaraq saxlanılıb. Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib olunub.
Tədbir zamanı avtomobilin konstruksiyasında dəyişiklik edən 10 və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən 8 sürücü də müəyyən olunaraq saxlanılıb. Profilaktik tədbir zamanı müxtəlif kobud qayda pozuntularına yol verən ümumilikdə 170 sürücü barəsində inzibati protokol tərtib edilib.
Qeyd edək ki, ilin əvvəlindən Quba RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən avtomobili sərxoş vəziyyətdə və narkotiklərin təsiri altında idarə edən 64, avtoxuliqanlıq və sürücülük vəsiqəsi olmadan sükan arxasına əyləşən 114 sürücü aşkar olunub.
Quba rayonu ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcəkdir.