SSRİ-nin süqutundan sonra onun ayrı-ayrı sahələri üzrə aparılan araşdırmaların nəticələrinə nəzər salsaq, şahidi olarıq ki, 70 il ərzində statistik rəqəmlər cəmiyyətə saxtalaşdırılaraq təqdim edilib. Hətta bəzən sovet liderləri öz hakimiyyətləri dövründə bu saxtarkarlığı özləri də etiraf ediblər. Belə etiraflardan birini də 1964-cü ilin may ayında Nikita Xruşov edib.
8 may 1964-cü ildə Rusiyanın daxili işlər naziri Vadim Tukinov Nikita Xruşova “məxfi” qrifli məktub ünvanlayıb. Həmin məktubda aşağıdakılar qeyd olunub:
“Mənim sizə birbaşa müraciət etmək səlahiyyətim yoxdur. Amma vacib bir məsələ ilə bağlı subardinasiyanı pozmağa məcbur qaldım. Həm bir nazir, həm də bir vətəndaş kimi ölkədə sürətlə yayılan narkomaniya məni narahat etməyə bilməzdi. Əgər biz bunun qarşısını vaxtında almasaq, bir neçə ildən sonra sovet gənclərinin tam iflic vəziyyətdə olmasına şahidlik edəcəyik. Konkret faktlara əsaslanaraq qeyd etmək istəyirəm ki, narkomaniya daha çox Udmurtiyada, Şimali Qafqazda, Kuybışevdə, Orenburqda, Omskda və xüsusilə Moskvada geniş yayılıb, narkotik vasitələrin qanunsuz dövriyyəsi isə Orta Asiya respublikalarından başlayır. Narkotacirlərə himayədarlıq edənlərin arasında dövlət məmurları və milis əməkdaşları da var. Buna görə də bu məsələyə diqqət ayırmağınızı, şəxsi nəzarətinizə götürməyinizi sizdən xahiş edirəm...”
Xruşov nazirin məktubuna elə həmin gün reaksiya verib. Mayın 8-də müvafiq qurumların rəhbərlərinin iştirakı ilə Mərkəzi Komitədə müşavirə keçirilib. Maraqlı məqam isə odur ki, Xruşov öz çıxışını aşağıdakı kimi yekunlaşdırıb:
“...Narkomaniyaya qarşı mübarizə gücləndirilməlidir. Ölkəmizdə narkomaniyanın vəziyyəti beynəlxalq təşkilatlara göndərdiyimiz hesabatlardakı kimi olmalıdır...”
Xruşovun çıxışından göründüyü kimi, beynəlxalq təşkilatlara göndərilən statistika tam saxtalaşdırılıb və BMT-nin hesabatlarında SSRİ ən “təmiz” ölkələrdən biri sayılıb.
Bəs, əslində vəziyyət necə olub?
70 il ərzində SSRİ-də də narkotik vasitələrdən istifadə, onların qanunsuz dövriyyəyə buraxılması geniş vüsət alıb. Həmin dövrdə ən çox yayılan narkotik vasitə həşiş sayılıb ki, onun bir dozası 1 rubla satılıb. 1 dozanın çəkisi isə 1 qramdan az olub ki, 1 kiloqram həşişdən narkotacirlər 200-300 rubl qazanıblar. Məsələn, Vladimir Şneyderoviç adlı bir şəxs SSRİ-də dövriyyəyə ən çox narkotik vasitə buraxan narkotacir kimi tanınıb. Əldə olunan məlumata görə, Şneyderoviç təkcə 7 ay ərzində Omskda 50 min rublluq həşiş satıb. Mövcud dövr üçün bu, böyük məbləğ sayılıb.
Müqayisə üçün qeyd edək ki, həmin dövrdə Nikita Xruşov dövlət başçısı kimi 630 rubl maaş alıb. Şneyderoviç 4 il ərzində narkotik vasitələrin satışından 1 milyon 700 min rubl əldə edib. Orta Asiyadan Sibirə, Sibirdən Moskvaya, Moskvadan Şimali Qafqaza “mal” ötürən narkotacir kimlərinsə himayəsi altında heç vaxt ələ keçməyib.
Daha bir fakt, Vladimir Şimko (o, digər adlarla da özünü təqdim edib) Moskvanın mərkəzi rayonlarında heç kimdən və heç nədən ehtiyat etmədən narkotik vasitələrin alveri ilə məşğul olub. Onu qəsdən adamöldürmə faktı ilə həbs edəndə mənzilində axtarış apararkən 1 milyon 400 min rubl pul, bir balon qızıl aşkar edilib.
Sözsüz ki, bu və digər milyonçuların yüksək dairələrdə himayədarları olub.
Daha maraqlı məqamlardan biri isə SSRİ-nin “təmiz ölkə” imicini saxlamaq üçün “ağ ölüm”lərin saxtalaşdırılması olub. Belə ki, böyük dozalardan ölənlərin rəsmi ölüm haqqında şəhadətnamələrinə heç də narkotik vasitələr deyil, başqa xəstəliklər, xüsusilə də qəfil ürəktutma qeyd edilib.
1990-cı illərdən sonrakı araşdırmaların nəticələrinə görə, SSRİ-də narkomaniya 1970-ci illərdə daha da geniş yayılıb. Statistik rəqəmlərə görə, Leonid Brejnevin hakimiyyəti illərində, xüsusilə 1980-1982-ci illərdə narkomanların sayı 2 dəfə artıb.
Hələ 1978-ci ildə DTK sədri Yuri Andropov narkomaniyaya qarşı mübarizə ilə bağlı keçirilən müşavirədə çıxış edərkən narkotik vasitələrin geniş yayılmasının səbəbini belə açıqlayıb:
“Biz narkomaniyaya qarşı mübarizə aparırıq. Bunun üçün dövlət büdcəsindən vəsait də ayrılır. Partiya, komsomol, hüquq-mühafizə orqanları, kütləvi informasiya vasitələri, ictimai təşkilatlar və digər yerli qurumlar da bu mübarizəyə cəlb olunublar. Amma son nəticə acınacaqlıdır, arzuolunmazdır. Əksinə, narkomaniya ilə bağlı rəqəmlər hər il yüksəlmə tempi ilə qalxır. Mən bunun səbəbini bilirəm. Çünki narkomaniyanı yayanlara, narkotik vasitələri dövriyyəyə buraxanlara kifayət qədər yüksək ranqlı adamlar hamilik edirlər. Biz əvvəlcə onları sıradan çıxarmalı, zərərsizləşdirməliyik...”
Andropov özü də 15 aylıq hakimiyyəti dövründə narkoticarətin qarşısını almaq gücündə olmayıb. SSRİ-nin son illərində isə ölkədə narkoticarət və narkotik vasitələrdən istifadə edənlərin sayı pik həddə çatıb. Bütün bu real faktlara baxmayaraq, beynəlxalq təşkilatlara göndərilən hesabatlarda SSRİ narkomanların sayına və narkotik vasitələrin qanunsuz dövriyyəsinin məhdudluğuna görə sonuncu pillələrdə yer alıb./musavat.com