Qırğızıstan və Tacikistan sərhədində atışma - YARALANAN VAR

Qırğızıstan-Tacikistan sərhədində atışma olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsindən məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 12:20-də, Batken vilayətinin Leylek rayonunda baş verən hadisə zamanı sərhəd xətinin Qırğızıstan ərazisində heyvan otaran Tacikistan vətəndaşlarına bölgəni tərk etməklə bağlı xəbərdarlıq edilib.

Onlar bu xəbərdarlığa məhəl qoymayaraq, sərhədçilər tərəfə bir neçə dəfə atəş açıb, eləcə də daş parçaları atıblar.

Komitədən bildirilib ki, buna cavab olaraq sərhədçilər havaya bir neçə dəfə xəbərdarlıq atəşi açıb.

Qırğızıstan sərhədçiləri arasında xəsarət alan yoxdur.

İnsident zamanı Tacikistan vətəndaşlarından biri naməlum şəraitdə yaralanıb.

“Hazırda ərazidə sabitlik hökm sürür”, – qurumun rəsmi məlumatında deyilir.

Qeyd edək ki, hər iki ölkənin sərhəd qurumlarının təmsilçiləri arasında məsələ ilə bağlı müzakirələrin keçiriləcəyi gözlənilir.